Təmkin Xəlilzadə millinin Millətlər Liqasında qəsdən zəif oynamasıyla bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, bu gün Topaz Premyer Liqası çərçivəsində baş tutan "Keşlə” – "Qəbələ” qarşılaşmasının ardından Təmkin jurnalistlər önünə çıxıb:
"Mən azarkeşləri də, jurnalistləri də, hər kəsi başa düşürəm, amma bir az da bizi başa düşsələr, nə yaxşı olar. Bizdən çox heç kim bu matçda qələbəni arzulaya bilməzdi. Əziyyət çəkən bizik. Üstəlik rəqib azarkeşlərin himnimizi fitə basması bizə çox pis təsir etdi. Əlimizdə imkan olsa, öldürərdik bəlkə də. Amma həmin gün onların günü idi. Bəlkə də bu rəqiblə yenidən oynasaq, biz böyükhesablı qələbə qazanarıq. Amma həmin gün nə istədilərsə, alındı. Məğlub olmuşuqsa, deyəcək çox söz olmur. Bir dəfə də demişdim, yenə deyirəm, xalqımızdan bu nəticəyə görə üzr istəyirəm. Onlar da bizim yanımızda olsunlar.Kimlərsə bilərəkdən zəif oynamışdı? Onlar mənim komanda yoldaşlarımdı, çiyin-çiyinə mübarizə aparırıq. Doğrudan da qulağa çox iyrənc gələn söhbətlərdi. Bu haqda danışmaq da ayıbdı. Oxuyuruq, izləyirik biz özümüz də, heç cür inanmaq olmur. Elə oyunçulardan danışırıq ki, gözümlə də görsəm, inanmaram. Kamran da, Pavel də, Dima da canını qoymağa hazır olan oyunçulardı. Belə söhbətlər deyilməsə, yazılmasa, daha yaxşı olar”.
Fanat.Az