"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 12-ci turunda "Zirə”dən aldıqları 1:3 hesablı yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra düzənlənən ənənəvi mətbuat konfransına qatılan çalışdırıcı belə deyib:
"Oyuna yaxşı hazırlaşmışdıq. Cərimə zərbəsindən sonra buraxdığımız ikinci qol planlarımızı pozdu. Oyundan sonra da uşaqlara görüşün 65 dəqiqəsini yaxşı oynadıqlarını dedim. Yeni məşqçi olaraq, futbolçuların fiziki durumundan şikayət etməyim düzgün olmaz. İstədiyim oyunu özüm yaratmalı, özüm oynatmalıyam. Qışda yeni futbolçularımız da olacaq. Komandanı hazırlayandan sonra tələblərimiz dəyişəcək”.
Abbasov sələfi Nazim Süleymanovun klub prezaidenti Riad Rəfiyevin istəyi ilə Xəyal Nəcəfova şans verməsiylə bağlı yayılan informasiyalara da münasibət bildirib. O, "Zirə” ilə görüşdə də 90 dəqiqə meydanda olan futbolçunu başqanın əmriylə meydanda saxlamadığını söyləyib:
"Bilmirəm, mənə qədər nə olub. Prezidentin öz işi var, mənim öz işim. Riad Rəfiyev neçə ildir ki, futboldadı... Bu gün Xəyal normal oynaya bildiyini isbatladı. Öz üzərində işləsə, yenə şans qazanacaq. Prezident mənə kimisə oynatmaq tapşırığı verməz. Komandayla bağlı qərarları mən verirəm. "Sumqayıt”da buna bənzər hadisə ilə qarşılaşmamışam”.
Fanat.Az