"Mən gələcəyin məşqçisiyəm. Çünki hələ futbolçuyam, oynayıram. Hazırda 90 faiz oyunçu, 10 faiz məşqçiyəm".
Fanat.Az xəbər verir ki, bu sözləri Ukraynada "Moya qra" verilişinin qonağı olan "Sabah"ın futbolçusu Marko Deviç deyib.
35 yaşlı hücumçu məşqçi kursuna öz işi ilə əlaqədar yazıldığını və bu peşəni həyatda hər şeydən çox sevdiyini vurğulayıb: "Düz deyirsiniz, hər böyük futbolçudan yaxşı məşqçi alınmaz. Deməli, mənim şansım var. Çünki özüm ortabab futbolçu olmuşam. Əlbəttə, bu, bir zarafatdı. Məşqçilik xüsusiyyətləri fərdi məsələdi. Bu, oyunçudan və insandan asılıdı. Yaxşı məşqçi olmaq istəyim var. Hər bir təhsil sessiyası mənə deyir ki, ora getmək lazımdı".
O, "Hansı komandanı çalışdırmaq istərdin? Birdən-birə böyük komandanın baş məşqçisi, yoxsa köməkçi kimi başlamağı arzulayardın?" sulına belə cavab verib: "Bilmirəm. Pillə-pillə irəliləmək lazımdı. Məncə, bu, ən düzgün addım olar. Bəli, mən yaxşı oynamışam. Amma məşqçilik üçün təcrübə lazımdır. Ola bilsin, bir-iki il köməkçi-məşqçi kimi çalışmaq vacibdi. Harada məni görmək istəsələr, orada da çalışaram".
Jurnalistin "Çox futbolçu Azərbaycana pul qazanmaq üçün gedir" fikrinə Deviç "İndi Azərbaycanda elə vəziyyət deyil. Açığı, bu ölkəyə yollananda maliyyə məsələsi prioritet deyildi. Karyeram ərzində kifayət qədər oynayıb kifayət qədər qazanmışam" cavabını verib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol