"Çətin oyunun olacağını hiss edirdik. Yorğunluq hiss olunurdu. Nəticə və oyundan razı qaldıq. Bu komanda kubok oyunlarında çox fərqli oyun sərgiləyir. Çempionat və kubok oyunları fərqlidi. Cavab görüşlərində daha diqqətli olmalı, daha çox mübarizə aparmalıyıq. Matça tam hazır olmağa çalışacağıq".
Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra mətbuat konfransında deyib.
Qurbanov "Adətən 5-li müdafiə ilə çıxış edən "Keşlə” bu gün 4 müdafiəçi ilə oynayırdı. Gözlənilməz olmadı" sualına belə cavab verib: "Bu gün gözləyirdim ki, 4 müdafiədə çıxış etsinlər. Tərlan Əhmədov buna üstünlük verir. Dünən müzakirələrimiz olmuşdu. Ancaq tam əmin deyildik. Ola bilərdi ki, səfər oyununa görə 5-li müdafiədə çıxış etsinlər. Daha çox buna hazırlaşmışdıq".
Baş məşqçi cavab oyununun bərbad vəziyyətdə olan süni örtüklü meydançada keçirilməsinə də münasibət bildirib: "Həqiqətən də, orda oynamaq futbolçular üçün o qədər də xoş olmur. Amma indi mübarizədən çəkinməli deyilik. Belə matçlarda zədələrə görə narahat olmuşam həmişə. Alternativ yoxdu, nəsə dəyişən deyil. Futbolçular o çətinliyi göz önünə gətirib daha yaxşı hazırlaşmalıdılar"
Fanat.Az