"Həddən artıq ağır oyun olacağını təxmin etmişdik. Çünki hər iki komanda qış fasiləsindən sonrakı hər iki oyunda uduzmuşdu. Bizim üzərimizdə təzyiq daha çox idi. Amma futbolçularımız çox istəkli idi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XVII turunda "Sumqayıt"a 2:1 hesabi ilə qalib gəldikləri qarşılaşmadan sonra deyib.
48 yaşlı mütəxəssis oyunla bağlı fikirlərini bildirib: "Səhvlərimiz də oldu, bunun üzərində çalışacağıq. Komandanın sona qədər mübarizə aparması, əzmkarlığı həlledici rol oynadı. Bu qələbə çox vacib idi. Turnir cədvəlinin son pilləsində yer almaq xoş deyildi. Komandanın oyununu təkmilləşdirməyə çalışırıq. Çalışırıq təzyiqləri futbolçuların üzərindən götürək".
Əhmədov Tərlan Quliyev və Sərtan Taşkının meydana çıxmamasının səbəbini açıqlayıb: "Məğlubiyyətdə hamının səhvi olur. Sadəcə, dəyişiklik etmək, məğlubiyyətin nədən baş verdiyini araşdırdıqca digərlərinə də səhv verirsən. Onların ötən oyun elə böyük səhvi olmamışdı. Sadəcə, rotasiya etməyi düşündük. Dəyişikliyimiz də uğurlu alındı. Nə Tərlan, nə də Sərtanı siyahıdan silmişik. Onlar əsas heyət üzvləridi. Sadəcə, bu gün başqalarına şans verdim".
Baş məşqçi "Son yarım saatda komanda niyə "oturdu" sualına belə cavab verib: "Dediyim kimi, komanda üzərində təzyiq çoxdu. İlk hissədə də qol vurduqdan sonra müdafiəyə çəkildik. Amma məşqlərdə demişdim ki, ancaq hücum futbolu oynayaq. Bu, ən çox sevdiyim taktikadı. 65-ci dəqiqədən sonra problemlə üzləşdim. Komanda oyundan qopma nöqtəsində idi. Bu elə təzyiq idi ki, dəyişiklik etmək vacib idi. Düşünürəm ki, bu qələbə təzyiqi yüngülləşdirər".
Əhmədov "Zirə" - "Neftçi" oyununda "ağ-qaralar"a azarkeşlik etməyəcəyini bildirib: "Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz. Mən işlədiyim komandaya azarkeşlik edirəm".
Fanat.Az