"Oyunun ağır olacağını bilirdik. Düşündüyümüzdən də çətin oldu".
Fanat.Az xəbər verir ki, bu sözləri Premyer Liqanın XVIII turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gələn "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.
Baş məşqçi oyunla fikirlərini bildirib: "İkinci hissədə bu qədər müdafiə olunacağımızı gözləmirdim. Çünki 2:0 önə keçməyimiz də gözlənilməz idi. Ümumi planımızda var idi ki, rəqibi əks-hücumdan yaxalayaq. Standart vəziyyətlərdən də yararlanmaq istəyirdik. "Neftçi" üzərində qələbə 6 xala bərabərdir. Bəlkə də, çempionatda ən vacib qələbəni qazandıq".
Hacıyev bildirib ki, komandası heç də üstün oyun sərgiləməyib: "Üstünlüyün biz tərəfdə olduğunu deməzdim. "Neftçi" favorit idi. Sadəcə, çox istəkli idik. Bəzi komponentlərdə onları yaxalamaq istəyirdik. "Neftçi" güclü olsa da, bəzi zəif nöqtələrindən yararlanmaq istəyirdik. Bu, o demək deyil ki, onlardan güclüyük. "Neftçi" çempionluğa oynayır, bizim məqsədimiz isə 3-cü pillədəki mövqeyimizi qorumaqdır".
Baş məşqçi "Fərqli qələbədir, fərqli mükafat olacaqmı?" sualını isə belə cavablandırıb: "Çempionluğa oynayan komandadan 3 xal almaq digərləri üzərində qələbədən fərqlənir. Yəqin ki, rəhbərlik bunu nəzərə alar".
Hacıyev matçın ardından rəqib həmkarı Roberto Bordinlə aralarındakı gərginliyin səbəbini açıqlayıb: "Onun etirazı o oldu ki, mən onun oyunçusuna söz deyirdim. Amma mən də öz oyunçumuzu müdafiə edirdim. Futbolçunun bizim texniki zona tərəfə tüpürməsi etik deyildi. Anlaşılmazlıq idi. Zaman keçdikcə, səhvini başa düşə bilər. İnanmıram ki, Bordinə tərəf hansısa oyunçumuz tüpürsə, o, sakit dayanar".
Fanat.Az