"Azərbaycan çempionatının səviyyəsi birmənalı olaraq, Rusiya və Portuqaliyadan geri qalır. Amma elə də zəif deyil. Məsələn, biz hər Avropa Liqasının qrup mərhələsində, ötən mövsüm isə Çempionlar Liqasının qrupunda oynayan "Qarabağ"la rəqabət aparırıq".
Fanat.Az xəbər verir ki, bu sözləri Rusiya mətbuatına müsahibəsində "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.
Futbolçu Azərbaycan çempionatını Rusiya Premyer Liqası ilə müqayisə edib: "Məncə, "Qarabağ"la "Neftçi" Rusiya Premyer Liqasında ikinci 8-likdə olar. Hər hansı oyunda Premyer Liqanın güclü komandasını uda bilərik. Amma ümumi götürsək, əlbəttə, Rusiya futbolu güclüdü. Orada pul çoxdu. Bu isə o deməkdi ki, legionerlərin ustalıq səviyyəsi daha yüksəkdi".
Mahmudov Topaz Premyer Liqaqasında komanda sayının azlığından şikayət edib: "Əlbəttə, 8 komanda azdı. Milli valyutanın dəyərini itirməsi ölkə futbolunda böhrana səbəb olub. Amma düşünürəm ki, yavaş-yavaş klubların sayı artacaq. Komandaların bölgələri təmsil etməsi vacibdi. Onlarsız stadionda azarkeş sayı çoxalmayacaq və istedadlar üzə çıxmayacaq. Ümid edirəm ki, yerli futbol inkişaf edəcək. Amma infrastrukturu yaxşılaşdırmadan qlobal tərəqqidən danışmaq çətindi. Təəssüf ki, "Qəbələ"dən başqa akademiyasına regionlardan uşaq cəlb edən komanda yoxdu. Məncə, Azərbaycan futbolunun əsas problemi budu".
Fanat.Az