"Mən deməmişəm ki, heyəti rəhbərlik müəyyənləşdirir. Heç buna bənzər ifadə də işlətməmişəm. Bu, jurnalistin təxəyyülünün məhsuludur”.
Bu sözləri sport24.az-a verdiyi açıqlamada qış fasiləsində "Keşlə”dən ayrılan Bahodir Nasimov deyib.
Ötən gün Özbəkistan mətbuatında müsahibəsi dərc olunan forvardın "Keşlə”nin heyətini klub rəhbərliyinin müəyyənləşdirməsi qeyd olunub. Bahodir isə müsahibədə belə söz demədiyini iddia edir. Bəs ümumiyyətlə, o müsahibə veribmi? Veribsə nə deyib ki, özbək həmkarlarımız bunu öz interpretasiyasında təqdim ediblər? Gəlin, Bahodiri dinləyək: "Heyətə düşmədiyimi demişəm. Mənə az şans tanındığını qeyd etmişəm. Rəhbərliyə dair isə məğlub olduqda komandaya təpki göstərdiyini, futbolçuları tənqid etdiyini bildirmişəm. Bu da təbiidir. Kim məğlub olmaq istəyər ki?”.
Nasimov "Keşlə”dən ayrılmasından da danışıb: "Heç bir futbolçu ehtiyatda qalmaqdan məmnun ola bilməz. Mən də istisna deyiləm. Bu üzdən də klub rəhbərliyinin müqaviləyə qarşılıqlı formada xitam vermək təklifini müsbət cavablandırdım. Necə ayrıldıq? Kişi kimi əl sıxdıq. Müəyyən kompensasiya ödədilər. Futbolçu həyatı belədi, bəzən karyeran hansısa klubda əla alınır, müəyyən hallar da olur ki, heyətə, mühitə uyğunlaşa bilmirsən”.
Fanat.Az