Dünən Premyer Liqanın 20-ci turu çərçivəsində "Sumqayıt" - "Neftçi" matçına təyinat alan baş hakim Rəşad Əhmədovun idarəçiliyi birmənalı qarşılanmadı. Oyun zamanı "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovu qırmızı vərəqə ilə meydandan, baş məşqçi Ayxan Abbasovu isə texniki zonadan qovan, bundan başqa bir sıra qərarları ilə diqqət çəkən Rəşad bəyin idarəçiliyini tənqid edənlər çox oldu.
Sport7.az sabiq FIFA referisi Tahir Süleymanovun da bu təyinat və idarəçiliklə bağlı fikirlərini öyrənib. Tahir bəy bunları söyləyib: "Doğru məsələyə toxunmusuz. Gənc hakimlərə dəstək verilməsinin tərəfdarıyıq. Çempionatın bitməsinə 8 tur qalıb. Hər xal komandalar üçün önəmlidi. Belə hakimləri bu cür oyunlara göndərəndə həm səhvləri, həm təcrübəsizlikdən doğan idarəçilik özünü göstərir. Belədə gənc hakimlərin özləri "sınır" və ya "sındırılır". Gənc hakimləri oyunlara göndərməmişdən əvvəl, hər şeydən öncə Hakimlər Komitəsinin sədri Fritz Stuxlik buna cavabdehdi. Amma nə görürük? Stuxlik yunanıstanlı dostu Vassarosla Yunanıstan çempionatını düşünür. Azərbaycan çempionatı nə qədər rəqabətsiz olsa, zəifləsə də, onlar Yunanıstan deyil, Azərbaycan çempionatını düşünməyə gəliblər".
Süleymanov Sumqayıtda baş verənlərlə bağlı belə deyib: "Sumqayıt futbol şəhərlərimizdən biridi. Bəlkə də hazırda yeganə stadiondu ki, hər tur dolu olur. Baxmayaraq ki, komanda autsayderdi. Gənc hakimlər də təyinat alanda ajiotaj böyük olur. Oyun "Bakcell Arena"da keçirilsəydi, gənc hakimlərin təyinatını başa düşmək olardı. "Sumqayıt", "Keşlə", "Zirə" sonuncu pillələrdən qurtulmaq üçün amansız mübarizə aparırlar. Öncədən də bilinirdi ki, "Neftçi" ilə görüş gərgin keçəcək. Üstəgəl, məşqçilər - Roberto Bordinlə, Ayxan Abbasov çılğındılar. Eyni zamanda meydanda olan təcrübəli futbolçular gənc hakim görən kimi ona psixoloji təzyiq göstərirlər. Bununla da komandaları üçün divident qazanmaq istəyirlər. Çünki təcrübəsiz olduqları üçün səhv edə bilərlər. Gənc hakimlərin özlərini sübut etməsi, avtoritet qaznması üçün illər lazımdı. Ancaq gənc referilərin müzakirəsindən çox, bu mühiti yaradan Stuxliki günahlandırıram. Eyni zamanda da klub nümayəndələrini. Fikir verin, gözəl tendensiya yaranıb. Jurnalist yazmalı, bir-iki futbol adamı, azarkeş sözünü deməlidi. Amma klub rəhbərləri susurlar. Bildirilər ki, günah özümüzdədi. Belədisə, onda hakimlər niyə müzakirə olunur? Çünki nəsə danışsalar, 5-ci mərtəbədəki havadarları, daha doğrusu, AFFA-nın baş katibi Elxan Məmmədov onları sarı deyil, birbaşa qırmızı vərəqə ilə cəzalandıra bilər. Ona görə də, "baş üstə", "necə məsləhətdi", "bu bizim sahə deyil" deyirlər. Ümumiyyətlə, futbol onların sahəsi deyil. Gəlib darışıblar futbola. Xaricdən legioner qapıçı gətiriblər, adını da qoyublar yerli. "Sumqayıt"ın rəhbərliyinin son 10 ildə yetişdirdiyi futbolçular hanı? Niyə yetişmir? Rail Buzovna, Vurğun Hüseynov Tovuz futbol məktəbinin yetirməsidi. İrandan, İsraildən, Dağıstandan futbolçu gətirib oynadırlar. Sözüm ondadı ki, bunları yerli futbolçu adı ilə millətə sırımasınlar".
Tahir bəy Əhmədovun işinin öhdəsindən gəlmədiyini də deyib: "Gənc hakim bu tipli oyunlara təyinat alırsa, öhdəsindən 100 faiz gələ bilməz. Onu da deyim ki, qapıçının qırmızı vərəqə aldığı epizod ekranlara gəlmədi. Bu da dərhal mənfi reaksiya doğurdu. Nə yaxşı ki, günün sonunda Peşəkar Futbol Liqasının operatorlarının lentə aldığı epizod ekranlara gətirildi. Ora baxandan sonra göründü ki, hakim doğru qərar verib. Gənc hakim olsa da, məhz həmin epizoda görə onu alqışlayıram. Çünki qətiyyətli və doğru qərarla özünü sübut etdi. Baxmayaraq ki, qapıçını həmin hərəkətə vadar edən "Neftçi"nin futbolçusu Kiril Petrov idi. Oyundan sonra çıxıb mətbuatda da bildirir ki, bizə Ukraynada belə futbol oynamağı öyrətmirlər. Bəs Ukraynada reqbi oynamağı öyrədirlər? Epizodu yaradan Petrov idi. Sanki 20-30 saniyəlik reqbi oyunu oldu. Həmin anda qapıçı özünü qoruya bilmədi və təxribata getdi. Nəticədə hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırıldı. Ümumilikdə oyunda səhvlər vardı. Gənc hakimlər bir günə yetişmir. Əliyar Ağayev Yunanıstanda oyun idarə etdi, bu hər birimiz üçün gözəl andı. Ancaq ilk növbədə ölkə çempionatını düşünməliyik. Bu tipli oyunlara göndərmək üçün FİFA referilərimiz var. Son vaxtlar ümumiyyətlə, FİFA referilərimiz çempionluğun taleyini həll edəcək oyunlarda görünmürlər. Əliyar perspektivli hakimlərimizdəndi, Yunanıstana yaxşı mənada "sürgün" edilib. Bir məqamı da xüsusi qeyd edim. Ayxan Abbasov texniki zonadan qovulurdusa, ondan öncə Bordin getməli idi. Hətta ekrana baxdıqda da, oyunda doğru və ya yanlış epizoda sərt reaksiya verirdi. Əvvəlki oyunlarda da bir neçə dəfə texniki zonadan uzaqlaşdırılıb. Ona görə də Rəşadı deyil, onu oyuna təyin edənləri qınamaq lazımdı".
Fanat.Az