Topaz Premyer Liqasının XXIV turu çərçivəsində "Zirə”nin qonağı olan "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov 0:2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransı keçirib. Gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
- Bura qələbə arxasınca gəlmişdik. Bu gün üstün oynadıq, amma sonluq çatmadı. Komandamızın ən böyük çatışmazlığı budu ki, son nöqtəni qoya bilmirik. Sona 4 tur qalıb, əlimizi yanımıza sallamamalıyıq. Hələ kubokda da mübarizə davam edir.
- Bir sıra aparıcı oyunçularınız zədə səbəbindən yox idilər. Kuboka qədər onlar bərpa olacaqlar?
- Həqiqətən zədəlilərimiz çox idi. Əfran məşqlərə başlayıb. Elvin zədəli idi. Arif dünən məşqdə zədələndi. Çalışacağıq ki, hazır olsunlar. Çünki kubok "Sumqayıt” üçün çox önəmli oyun olacaq.
- Əli Babayev epizodların birində komanda yoldaşlarının üstünə qışqırdı. Ardınca siz ona təpki göstərdiniz. Bundan 1 dəqiqə sonra isə əvəzlənməsini xahiş etdi. Sizə bu cür "zədələnmə” təəccüblü gəlmədi?
- Yox, oyundan əvvəl də ağrıları var idi. Hətta sarğı ilə çıxmışdı oyuna. Həmin andan 5 dəqiqə əvvəl bildirmişdi ki, ağrılar var, dedik bir az da baxaq. Xeyr, təəccüblü gəlmədi. (Sport24.az)
Fanat.Az