Bu gün Premyer Liqada son turun oyunları keçiriləcək. Mövsümün qapanış matçı gümüş və qızıl medalçılar - "Neftçi" ilə "Qarabağ" arasında baş tutacaq.
Formal oyun ərəfəsində "Neftçi" tərəfi rəsmi sayt vasitəsilə bilet satışı elan edərək gülüş mənbəyinə çevrilib. Məsələ burasındadı ki, oyuna biletlərin qiyməti 1 yox, 5 yox, 50 manatdı. Bəli, "Neftçi" rəhbərliyi mövsümün son hoqqasını bu yolla çıxarmaq qərarına gəlib.
Normalda Azərbaycan çempionatına baxmaq üçün 1 manatından keçən azarkeş belə, qəhrəmandı. Çünki etiraf edək ki, çempionat oyunlarımızın əksəriyyəti heç 1 manata da dəyməz. Hətta bəzi komandalar tribunalara 20-30 nəfər yığmaq üçün onlara pul da verirlər. "Neftçi" rəhbərliyi isə heç kimə lazım olmayan, formal matça 50 manat istəyir.
Görünür, "Qarabağ"ın çempionluq kubokunu azarkeşlərinin gözləri önündə qaldırmasını həzm edə bilmirlər ki, bu yola əl atıblar. Halbuki, prezident Kamran Quliyev və yardımçıları hadisələrin belə cərəyan edə biləcəyini mövsümün əvvəlində, püşkatmadan sonra təxmin etməli idi. Maraqlıdı, hər şey son tura qalsaydı nə edəcəkdilər? Yəqin onda da "Qarabağ" qalib gəlib çempion olsaydı, "stadionda bomba var" deyib və ya başqa bir bəhanə ilə cəld tribunaları boşaldacaqdılar.
"Neftçi" rəhbərliyinin bu addımı hər şeydən əvvəl öz azarkeşlərinə hörmətsizlikdi. Mövsümboyu onların oyunlarını izləmək üçün min bir əziyyətə qatlaşan, ciblərində olan-qalan pulu komanda üçün qurban verən "Forza Neftçi" fan-klubu və digər fanatlar belə münasibətə layiq deyillər. Neytral futbol azarkeşi isə 50 manatı nəticəsi heç bir önəm kəsb etməyən oyuna verməkdənsə, üstünə bir az da pul qoyub Avropa Liqasının finalına bilet alar...
Mənbə: matc.az