Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində dogma "divarlar arası”nda "Keşlə”yə 1:4 hesabı ilə məğlub olan "Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, gənc mütəxəssis öncə oyun haqda fikirlərini bölüşüb.
- İlk növbədə "Səbail” ailəsini, azarkeşlərimizi təbrik edirəm. Çempionat boyu əzmkar komanda gördük. Düşünürəm ki, "Səbail” çempionata rəng qatmağı bacardı. Son 2 turda məğlub olmağımız motivasiya ilə bağlıdı. Yenə də istəyirdik ki, çempionatı pozitiv notda başa vuraq. Ancaq həvəsdən düşmürük. Çünki qarşıda bizi Avropa Liqası gözləyir. Qarşıda çox işimiz var. İndi ancaq futbolçuları təbrik etmək istəyirəm. Ən böyük pay sahibi onlardı.
- Heyəti neçə faiz qoruya
biləcəksiniz?
- İndi bu suala cavab verə bilmirəm. Yalnız yerli uşaqlardan bu cavabı ala
bilmişik. Elələri də var ki, cavab verməyiblər. Bizim də gözləmək vaxtımız
yoxdu.
- Son tarix nə vaxtdı?
- Bu dönəmdə futbolçuların qiyməti qalxır. Təxmini 1 həftə gözləyəcəyik.
Futbolçuları da qınamıram. Hamısı daha yaxşı şərtlər altında çıxış etmək
istəyir.
- Heyəti qoruya bilmirsiniz.
Sökülüb-yığılan komanda isə Avropa Liqasında uğursuzluğa məhkumdu…
- Doğru qeyd edirsiniz ki, komandanı formalaşdırmağa zaman tələb olunur. Ancaq
bəlli bir büdcəmiz var. Ondan kənara da çıxa bilmirik.
- Mirabdulla Abbasovla
apardığınız danışıqlar nə yerdədi?
- Hələ ki, rəsmi formada danışıq olmayıb. Mirabdullanın özüylə danışmışıq.
Qarşıdakı günlərdə bu məsələyə aydınlıq gələcək.
- Abbasovun müqaviləsi növbəti
mövsümü də əhatə edir. "Neftçi”dən onu götürmək üçün 100 min manatlıq
kompensasiya ödənilməlidi. "Səbail” bu kompensasiyanı ödəməyə hazırdımı?
- Müqavilə şərtləri müzakirə olunduqdan sonra nəsə deyə bilərik. Ancaq belə
kompensasiya ödəniləcəksə, əlbəttə ki, Mirabdullayla sözləşmə uzun müddətə
imzalanacaq.
Fanat.Az