"Qəbələ” ardıcıl 6-cı dəfə Azərbaycanı avrokuboklarda təmsil edəcək. "Qırmızı-qaralar” buna Azərbaycan kubokunun finalında "Sumqayıt"a 1:0 hesabı ilə qalib gələrək, nail oldu.
Bölgə klubu II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Aktivində 6,250 xalı olan "Qəbələ" "səpələnmişlər" səbətində yer alacaq. Bu səbətdə "Espanyol" (İspaniya), "Vulverhempton" (İngiltərə), "AZ Alkmaar" (Hollandoya), "Ayntraxt" (Almaniya), "Strasburq" (Fransa), "Gimaraynş" (Portuqaliya), "Sparta" (Çexiya), "Atromitos" (Yunanıstan) klubları da qərarlaşıb. Bu klublar reytinq xalı daha az olan komanda ilə qarşılaşacaq.
Polşanın "Lexiya" və Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubları "qırmızı-qaralar"ın məlum olan potensial rəqibləridir.
Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsində 92 komanda iştirak edəcək. Onlardan 74-ü Liqa Yolu, 18-i Çempionlar Yolundan mərhələ adlamağa çalışacaq.
Digər təmsilçilərimiz "Neftçi" və "Səbail" isə I mərhələdən yarışa qoşulacaq. Paytaxt klubları ilk rəqibi üstələməyi bacarsalar, II raundda səpələnməmişlərin sırasında yer alacaq və yuxarıda adları sadalanan komandalardan birinə rəqib ola bilər.
Qeyd edək ki, Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 18-19-da İsveçrənin Nyon şəhərində keçiriləcək.
Fanat.Az