Sabah Avropa Liqasının finalında "Çelsi" ilə qarşılaşacaq "Arsenal"da bu gün oyunöncəsi mətbuat konfransı olub.
"Topçular"ın futbolçuları - müdafiəçi Sokratis Papastatopulos və yarımmüdafiəçi Qranit Caka jurnalistlərin suallarını cavablandırıb.
- Düşünürsüz ki, bütün Yunanıstan sabah sizi dəstəkləyəcək?
Sokratis Papastatopulos - Hesab edirəm ki, sabah bütün yunan xalqı "Arsenal”ı və bizi dəstəkləyəcək.
- Ola bilər ki, sabah Kosielni "Arsenal”da sonuncu matçına çıxsın. Hesab edirsiniz ki, kuboku məhz o qaldırmalıdı?
S.P. - Bizim əsas hədəfimiz sabah kuboku qazanmaqdı. Ondan sonra digər məslələr barədə düşünərik.
- Mxitaryanın sabah meydanda olmaması sizin üçün nə deməkdi?
S.P. - Mxitaryanla 5-6 il birlikdə oynamışam. Onunla yaxşı dostuq. Düşünürəm ki, sabah onun və zədəli oyunçular üçün qələbə qazanmalıyıq.
- Komandanız Bakıya mayın 25-də, "Çelsi” isə dünən gecə gəlib. Bu, sizə əlavə üstünlük verir?
Qranit Caka - Tez gəlmişik və özümüzü yaxşı hiss edirik. Bilmirəm bu bizə necə təsir edəcək, amma yaxşı hazırlaşırıq.
- Mxitaryanın olmaması nə dərəcədə ədalətlidi?
Q.C. - Hesab edirəm ki, biz siyasi məsələlərdən çox danışdıq. İndi isə futbol haqda danışaq. Düşünürəm ki, əsas məqsədimiz qələbə qazanmaqdı.
- Sabah dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri ilə - Eden Azarla qarşı-qarşıya gələcəksiniz. Buna necə hazırlışmısınız?
S.P. - Bir adama qarşı deyil, əla komandaya qarşı oynayacağıq. Əsas məsələ komanda halında qələbə qazanmaqdı.
- Emeri 3 dəfə bu turnirin qalibi olub. Özünüzdə nə dərəcədə məsuliyyət hiss edirsiniz?
Q.C. - Emerinin böyük təcrübəsi var. İsrəyirik ki, qələbə qazanmaqla onu məmnun edək.
- Bu turnirdə qələbə qazanmaq həm də ÇL-ə vəsiqə deməkdi. Bu barədə nə deyə bilərsiniz?
Q.C. - Düşünürəm ki, ÇL-də oynamalıyıq. Amma Premyer Liqada ilk "4-lüy"ə düşə bilmədik. Bu isə yeganə şansdı və ondan maksimum istifadə etmək istəyirik.
- "Arsenal”ın səfərdə yaxşı çıxış etmədiyi deyilirdi, amma "Napoli” və "Valensiya” ilə oyunlar bu düşüncəni dəyişdi. Siz nə fikirləşirsiniz?
Q.C. - Bizim üçün harda oynamaq bəhanə ola bilməz. Bakıda da olsa, Londonda da olsa, qələbə qazanmaq əsas hədəfdi.
- Avrokuboklarda qələbə qazanan o qədər də çox isveçrəli oyunçu yoxdu. Sizin üçün bu titul nə qədər önəmlidi?
Q.C. - Mənimlə birlikdə "Arsenal”da daha bir isveçrəli var və biz bu titulu qazansaq, böyük qürur hissi olacaq. (Matc.az)
Fanat.Az