"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçında "Bney Yehuda”yla evdə 2:2 hesabıyla nəticələnən görüşdən sonra mətbuat konfransı keçirib.
Fanat.Az
xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə matçı şərh edib:
- İlk dəqiqələrdən rəqibin 8-9 nəfərlə müdafiə olunacağını gözləyirdik.
Bəzən onlara 2 hücumçu da qoşulurdu və bütün komanda şəklində müdafiəyə
otururdular. İlk hissədə hücum qurmaqda çətinliklər yarandı. Rəqib isə
əks-hücumlar quraraq şanslarından istifadə etdi. Hesab 0:2 olmazdan öncə
təhlükəli epizodlarımız var idi, lakin istifadə edə bilmədik. Buna baxmayaraq,
komanda toparlandı və sona qədər döyüşdü. Müdafiədə bəzi boşluqlarımız var.
Çalışacağıq ki, bunları düzəldək. Futbolçularımın göstərdiyi xarakter məni qane
etdi. Sona qədər təslim olmadılar. Çalışacağıq ki, cavab oyununda daha yaxşı
çıxış edək.
- Sizi 8-9 nəfərlə müdafiə olunan
komandadan 2 qol buraxdığınıza görə tənqid edək, yoxsa 11 nəfərlə müdafiə
olunan komandaya 2 qol vurduğunuza görə tərifləyək?
- Bu, sizdən asılıdı. Tənqid edə də bilərsiz, tərifləyə də. İlk hissədə
istəyirdik ki, ötürmələrlə hücum quraq. Ancaq səhvlər etdik və rəqib bizi
cəzalandırdı. Buna baxmayaraq, toparlandıq və xarakter göstərərərəkqollar
vurduq.
- Bu gün əvvəlki matçlarla müqayisədə
Mamadu Kanenin əvəzinə Vangelis Platellası oynadırdız. Düşünmürsüz ki,
"Arsenal”la oyunlarda daha doğru seçim etmişdiz? Söhbət Sonni Mustivar - Mamadu
Kane tandeminin meydanda olmasından gedir....
- Oyunu düzgün qiymətləndirək. "Arsenal” və "Bney Yehuda” fərqli oyunlar
göstərdi. "Arsenal” futbol oynayırdı, bugünkü rəqibimiz isə yalnız müdafiə
olunurdu. "Arsenal”ın orta sahəsi güclü olduğuna görə Kaneni oynatmışdıq, bu
gün isə bizə kreativ Platellas lazım idi. Hətta Dabo və Namiqi də meydana
buraxdıq ki, hücumda fərqlilik edək.
- Dünən mətbuat konfransında demişdiz
ki, "Bney Yehuda” yalnız müdafiədən oynayacaq. Ancaq bu gün ilk hissədə rəqib
fərqli çıxış etdi. Bundan başqa, sosial şəbəkələrdə də artıq "Neftçi”nin bu
rəqibi asanlıqla keçəcəyi ilə bağlı fikirlər var idi. Bunlar da futbolçuların
psixologiyasına təsir edir. Düşünmürsüz ki, rəqibin yalnız müdafiədən
oynayacağı ilə bağlı fikirlər iki qol buraxmağınıza səbəb oldu?
- Rəqibə qarşı hazırlığımız həftəboyu davam etmişdi. Bilirdik ki, "Bney
Yehuda" necə oynayacaq. Sosial şəbəkələrdə yazılanlara fikir verməli deyilik.
Yalnız oyuna hazırlaşmalıyıq. Bütün futbolçuların konsentrasiyası bu
görüşəidi. Yaxşı da hazırlaşmışdılar. Sadəcə, müdafiədən hücuma çıxanda
səhvlər etdik və rəqib də bunlardan yararlandı.
- Buna qədər qol buraxmamışdız və
deyirsiz ki, müdafiədə səhvlər etdik. Cavab oyununda bunları aradan qaldırmaq
mümkün olacaq?
- Komanda qol vuranda bu, yalnız hücumçuların işi olmur. Müdafiə ilə bağlı da
eyni şeydi. Sırf müdafiəçilərin səhvindən qol buraxmadıq. Bütün komanda
şəklində səhvlər etdik. Bunların üzərində işləyəcəyik. Rəqib bütünlüklə
müdafiəyə çəkilmişdi. Biz isə hücumu mərkəzdən qurmağa çalışırdıq. Bu da bizə
baha başa gəldi. Ancaq futbolçuların xarakteri vəziyyəti dəyişdi. İnanıram ki,
mərhələni biz keçəcəyik.
- Aqressiv görünürdüz. Etirazlarınız
hakimə idi, yoxsa vaxt uzadan rəqibə?
- Düşünmürəm ki, aqressiv insanam. Əlbəttə, rəqib ikinci hissədə futbol
oynamadı, yalnız vaxt uzatmaqla məşğul idilər. Oyuna 90 dəqiqə baxdız, yoxsa
yalnız sonlarına?
- Sona qədər baxmışam. Mən də sizlə
yanaşı həmin həyəcanı, aqressiyanı yaşadım...
- Hamı qələbə istəyirdi. Bilirəm ki, hər kəs bizi dəstəkləyirdi. Rəqibi də
qiymətləndirməmək istəmirəm. Ağıllı futbol göstərib, düzgün müdafiə olundular.
- Mərkəz müdafiəçilərinin standart
vəziyyətlər zamanı irəli getdiyini görmüşük. Ancaq Mamadu Mbodj meydana sırf
hücumçu kimi daxil oldu. Keçən oyun qol vurduğuna görə bu qərarı verdiz?
- Mbodj elə futbolçudu ki, uzun ötürmələr zamanı başla yaxşı oynayır. Oyunun
sonunda gördüm ki, arxada müdafiəçi saxlamaq mənasızdı. Çünki rəqib qapımıza
yaxınlaşmırdı. Buna görə də Mbodju hücuma qoymaqla hündürlük yaratmağa
çalışırdıq. O, belə epizodlarda faydalı ola bilir.
Mənbə:Sport24.Az