Son günlər ölkə futbolunda ən çox müzakirə olunan mövzulardan biri "Qəbələ" komandasının düşdüyü "qara zolaq"dı. Uğursuzluğun günahını özündə görə baş məşqçi Sənan Qurbanov tutduğu vəzifədən istefa verdi. Klub rəhbərliyi isə onun yerinə daha yaxşısını tapana kimi komandanı müvəqqəti olaraq məşqçi Elmar Baxşıyevə həvalə edib.
Məsələ ilə bağlı olaraq Sport7.az saytı idman mətbuatının nümayəndələri arasında sorğu keçirib.
Korrespondentlər "Qəbələ"nin baş məşqçi postuna kim gətirilsə, komandanı hazırki vəziyyətindən, uğursuzluq zolağından çıxara bilər?" sualına öz fikirlərini bildiriblər.
Rəşad Ergün (Komanda.az): "Qəbələ"nin büdcəsi əvvəlki illərlə müqayisədə xeyli azaldıldığı üçün, indiki durumda əcnəbi mütəxəssis haqda düşünmək məntiqli olmaz. Klubun büdcəsi əvvəlki kimi olsaydı, "əcnəbi məşqçi gətirsələr yaxşı olardı" deyərdim. Amma büdcə əvvəlki büdcə deyil. Deməli, çıxış yolunu ölkədəki məşqçilərdə axtarmaq lazımdır. "Qəbələ"nin aşağı yaş qrupları üzrə komandalarında baş məşqçi olmuş Emin İmaməliyevə şans vermək olar. Bu cür güclü heyəti olmayan, büdcəsi zəif komandalarla Şahin Diniyev də başqaları ilə müqayisədə daha uğurlu işləyir. Onun Azərbaycan millisində, "Kəpəz" klubunda təcrübəsi var. Minimum imkan, maksimum nəticə - düşünürəm ki, Diniyev bunu ən yaxşı bacaranlardan biridir".
Anar Şabanoğlu (Müstəqil jurnalist): "Bu haqda Sənan Qurbanov istefa verən kimi feysbukda yazmışdım. Məncə, ən ideal namizəd Samir Əliyevdi. Düzdü, o hazırda 19 yaşadək milli komandamızın baş məşqçisidi. Amma "Qəbələ” də aşağı yaşlardan ibarət millilərə baza komandasıdı. Əliyev paralel olaraq həm milli, həm də "Qəbələ”də çalışsa, futbolumuza hərtərəfli faydası dəyər. Həm klub, həm də milli bundan ancaq qazanar. Samir Əliyev kimi gənc və bacarıqlı mütəxəssis Premyer Liqa klublarından birinə rəhbərlik etməlidi. Məncə, o, Bordin daxil Premyer Liqadakı əksər baş məşqçilərdən daha yaxşı mütəxəssisdi. Əliyev üzərində işləsə, gələcəkdə "ikinci Qurban Qurbanov” ola bilər.
Rəşad Sadıqovun da adını çəkərdim. Bildiyiniz kimi, o, U-21-i və "Qarabağ”ın aşağı yaşlılardan ibarət komandanın baş məşqçisi olub. "Qəbələ” kimi əsas hədəfi gənclərin yetişməsi olan bir klubu Sadıqovun çalışdırması futbolumuz üçün də, Sadıqovun özünün baş məşqçi kimi möhkəmlənməsi üçün də əla qərar olardı. Amma hazırda Rəşad "Qarabağ”ın futbolçusudu və bu haqda danışmağı yəqin ki, sonraya saxlamalıyıq. Rəşad Sadıqov çox yaxşı məşqçi olacaq, buna zərrə qədər də şübhə etmirəm.
Başqa bir variant Ramin Quliyev ola bilər ki, o "Qəbələ”də çalışıb və sistemi əzbər bilir. Mən gənc mütəxəssislərə güvənməyin tərəfdarıyam. Çünki "Qəbələ”nin kifayət qədər peşəkar rəhbərliyi var və sonacan baş məşqçinin arxasında duracaqlar, dəstəklərini verəcəklər. Hər şeyin peşəkar səviyyədə qurulduğu bir klubda gənc baş məşqçinin özünü göstərməsi də daha asan olar.
Bu mənada Elmar Baxşıyevə şans verilməsinə də pis baxmıram. Klubun büdcəsində problem var. Heyət də çox zəifdi, ciddi hansısa nəticə göstərmək real görünmür. Baxşıyev də klubu tanıyan adamdı, eyni zamanda klub rəhbərliyi onu yaxşı tanıyır. Bu mənada bəlkə də indiki məqamda ən doğrusu elə budu.
"Qəbələ”nin hazırda əsas problemi baş məşqçi problemi deyil. Bu cür akademiyası, şəraiti olan bir klubun dağılmaması üçün dua etməli və hərə əlindən gələni əsirgəməməlidi. Çünki, bu klub uzun illər futbolumuzun inkişafına xidmət edəcək. Necə ki, yarandığı qısa müddətdə futbolumuza çox böyük töhvələr verib".
Mehman Süleymanov (Sport24.az): "İndiki məqamda "Qəbələ"nin baş məşqçi postuna kənardan yeni nəfəs gətirən mütəxəssis gətirilməsi daha məqsədəuyğundu. Bu, yerli də ola bilər, əcnəbi məşqçi də. Mənə görə xarici, xüsusilə gürcü mütəxəssisin olması daha yerinə düşərdi. Azərbaycanda işləmiş çalışdırıcıya müraciət etmək olar. Misal Zaur Svanadze və bu kimi mütəxəssislərə. Düzdür, Svanadze hazırda Tiflis "Dinamo"sunda işləyir və Avropa Liqasında məğlub etdiyi "Qəbələ"nin potensialını görüb, əvvəldən də tanıyır. O, məşqçi kimi ölkəsinin ən köklü klubunda işini davam etdirməyi, yoxsa yenidən Azərbaycanda baş məşqçi kimi işləməyi üstün tutacaq, bu, başqa məsələ. Ona görə gürcü mütəxəssisi misal dedim ki, "Qəbələ"də bu ölkənin futbolçuları çıxış edir. O, özüylə 1-2 də gürcü oyunçu gətirməklə, futbolçuların dilini daha yaxşı bilməklə, vəziyyətin yaxşılığa doğru dəyişmək yönündə addımlar ata bilər. Ancaq dediklərimin, ümumiyyətlə əcnəbi - fərqi yoxdu, bu gürcüdü, yoxsa başqası - baş məşqçi təyinatı üçün ilk növbədə ayrı büdcə ayrılmalı və bu, təsdiqlənməlidi. Axı, ödənişlər valyuta ilə olacaq və bu da avtomatik artıq xərc deməkdi. Bu isə indi onsuz da maddi sıxıntısı olan "Qəbələ" üçün əlavə yük deməkdi. Buna görə də yeni baş məşqçinin azərbaycanlı mütəxəssis olacağı daha real sayılır. İstənilən halda, yeni baş məşqçi "bu, mənim komandam deyil" söyləyib zaman istəyəcək. "Qəbələ" üçünsə zaman yoxdu. Ən vacibi isə baş məşqçidən daha çox heyətə mütləq "əl gəzdirilməsi"di. Xüsusilə də mərkəz müdafiəçisi və mərkəz hücumçusu mövqeyi güclənməlidi. Axı, komanda Avropa Liqasının qrup mərhələsini də nəzəər alsaq, 5 oyunda 1 qol belə vura bilməyib, əvəzində 13-nü buraxıb".
Əli Sahib (Fanat.az): "Sözün düzü, hal-hazırda ağlıma sehrli çubuğu olan məşqçi gəlmir deyəm ki, gələn kimi komanda düzələcək. Məncə, "Qəbələ”dəki problem tək məşqçi problemi deyil. Komandanın ruhu da gedib. Kim gəlirsə gəlsin, öncə bu ruhu qaytarmalıdı. Öncə yerli futbolçuları toparlamaq lazımdı. Əcnəbilər bu ruhu dərk edə bilməz. Deyərdim ki, uğursuzluqlarda yerli futbolçuların da payı az deyil. Əl-ələ verib "qara zolaq"dan çıxmalıdırlar. Necə? Ötən 3 tura nəzər salsaq, "Qəbələ”nin legionerləri meydanda gəzməklə məşğul olub. Üstünlük yerlilərə verilməklə yanaşı əcnəbilərlə ciddi söhbət aparılmalıdı. Bunu təkcə klub rəhbərliyi, məşqçi yox, yerli futbolçular da etməlidi. Məhz bu halda xaricdən gələn futbolçu məsuliyyətini dərk edər. Gələn məşqçi öncə sadaladığım problemləri aradan qaldırmalıdı. Qalanı isə turdan-tura düzələcək. Düşünürəm ki, Elmar Baxşıyevə qışa qədər şans veriləcək. Amma Adil Şükürovun da adını çəkmək istərəm. Özünü sübut etmək istəyən məşqçi üçün əsl meydandı. Büdcəsi normal olan klubda nə var ki məşqçilik etməyə. "Qəbələ”ni bu vəziyyətdən çıxartmağa səbr, təmkin və ən əsası məşqçi xarizması, xarakteri lazımdı. Düşünürəm ki, bu kriteriyalar Adil Şükürovda var.