Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilən "Düdelanj”- "Qarabağ” oyununda (1:4) təxribat törədən ermənilərin kimliyi müəyyələşib.
Fanat.Az Lüksemburq mətbuatına istinadən xəbər verir ki, hadisə "ultraqrup birinci erməni cəbhəsi” adlı qruplaşma tərəfindən törədilib. Bu qruplaşma "Ultras” adlanan "Facebook" səhifələrində hadisənin Spartak adı ilə tanınan başçıları tərəfindən törədildiyini açıqlayıb.
Qruplaşma oyundan sonra da sakitləşməyib. Onlar "Jozi Bartel” stadionu ilə üzbəüz yerləşən qarajdakı avtomobillərin bəzilərinə ziyan vurub və oğurluq ediblər. Lüksemburq polisi dəstənin axtarışındadır.
Xatırladaq ki, matçın 31-ci dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydançanın üzərinə gətirildikdən sonra stadionda ara qarışıb və görüşdə bir neçə dəqiqə fasilə yaranıb.
Fanat.Az