"Komandamız hər oyun çoxlu qol epizodu yaradırdı. Bu gün də ilk hissədə belə oldu. Fasilədən sonra isə hiss etdim ki, onlarda arxayınlıq yaranıb. Hər halda vacib qələbə qazandıq. Qarşıda isə bizi daha ciddi oyun gözləyir".
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəlib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.
Baş məşqçi oyunla bağlı fikirlərini bildirib: "Məğlub da ola bilərdik. "Qəbələ” yaxşı komandadı. Elmar Baxşıyevlə Azər Bağırova uğurlar arzulayıram. Qısa zamanda yaxşı komanda yaradıblar. Belə bir rəqiblə oyunda vacib 3 xal qazandıq. Futbolçularımı təbrik edirəm. Qarşıdakı oyuna daha ciddi hazırlaşmalıyıq. Bir həftə sonra bizi bundan da ağır oyun gözləyir. İki günlük istirahətdən sonra yenidən hazırlığa başlayacağıq. Sezar Meza Kolli komandaya gec qoşulub. Hələ tam hazır deyil. Ruslan Qurbanovla Əfran İsmayılov da hələ ideal formada deyillər. Arxada qalan 9 turda demək olar ki, eyni heyətlə oynayırıq. Rotasiyalar üçün heyətimiz geniş olmalıdı. Bu da günü-gündən futbolçuların yüklənməsini artırır".
Əhmədov "Oyun boyunca Tural Bayramlının üstünə qışqıraraq, iradlar bildirirdiniz. Sizin üçün sağlamlıq önəmlidi, yoxsa Bayramlının oynaması" sualını isə belə cavablandırıb: "Tural limitə düşən futbolçularımız arasında ən yaxşı formada olanıdı. Qalanları hələ tam hazır deyil. Hər şeyə rəğmən, sağlamlığım daha önəmlidi. Mənim də ailəm, övladlarım var. Turalın U-19-da ikən yığmanın Çexiyadada üzləşdikləri və U-21-də məşq etdiyi halda İsveçrəyə qarşı matçda heyətə salınmaması ona təsir edib. 9 oyundu eyni heyətlə çıxış edirik. Futbolçularda yorğunluq var".
Fanat.Az