"Həftəlik proqram üzrə "Neftçi”yə qarşı fərdi hazırlaşmışdıq. İstəyimiz rəqibi əks-hücumlarda yaxalamaq idi. İstədiyimizi həyata keçirə bilmədik".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin məşqçisi Elmar Baxşiyev Premyer Liqanın XII turunda "Neftçi"yə 1:4 hesabı ilə uduzduqları səfər matçından sonra söyləyib.
39 yaşlı mütəxəssisin sözlərinə görə, komandalar arasında səviyyə fərqi aşkar görünür: "Komandalar arasında səviyyə fərqi çox hiss olunur. Yeni komandayıq, gənc heyətimiz var. Sabitliyi qoruya bilmirik. Bu, komandanın gənclərdən qurulmasından irəli gəlir. Təcrübəli futbolçular sabitliyi qoruya bilir."Neftçi” bəzi komponentlərdə, fərdi keyfiyyətlərdə bizdən üstündü. Üzərimizə düşəni maksimum yerinə yetirməyə çalışırıq. Komanda şəklində zəif oynadıq. Buraxılan qollar da futbolçuların fərdi səhvlərindən vuruldu. İlk yarıda bizim də imkanlarımız oldu, dəyərləndirə bilmədik. "Neftçi” ustalıq səviyyəsi yüksək olduğundan imkanlardan yararlandı”.
Baxşiyev sponsor məsələsinə də toxunub: "Üzərimizə düşəni edirik. Sponsor işi bizə aid deyil. "Qəbələ"nin yaşayacağına inanıram".
Fanat.Az