Yayda "Krılya Sovetov"dan "Dinamo"ya keçən Ramil Şeydayevin Moskva klubundan ayrılmaq ehtimalı güclənib. Baş məşqçi dəyişikliyindən sonra o, əsas heyətdəki yerini ümumiyyətlə itirib.
Millimizin hücumçusu son 2 ayda təsadüfi hallarda meydana çıxır. Hazırkı komandasında qol hesabını aça bilməyən forvardın müqaviləsi gələn ilin yayında başa çatacaq.
Ramil artıq indidən "Dinamo"dan ayrılmağın yollarını götür-qoy edir, "Krılya"ya qayıtmaq variantına ehtiyatla yanaşan yığmamızın üzvünə "Ufa" və "Axmat"dan təklif gəlməsi barədə sosial şəbəkələrdə xəbərlər yayılıb.
Sportinfo.az-ın məlumatına görə, "Neftçi" də Şeydayevin potensial müştəriləri sırasına daxil olub. Bakılılar özlərinə yaxın menecerlər vasitəsilə onunla əlaqə qurub və 6 ay+1 illik müqavilə təklif edib.
O, mövsümün qalan hissəsini icarə əsasında "Neftçi"də keçirməli, yayda isə birbaşa müqavilə bağlamalıdır. "Ağ-qaralar" bu məsələdə SOCAR-dan da dəstək alıb. Belə ki, AFFA-nın əsas sponsoru olan SOCAR millinin hücumçusunun transferi üçün lazım olan vəsaiti ödəməyi öz üzərinə götürüb.
Fanat.Az