2005-2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramına start verildi. Məqsəd dövlətin dəstəyi ilə Respublikada futbolun inkişafına nail olmaq, beynəlxalq arenalarda milli yığma komandalarımızın, klublarımızın Azərbaycanı layiqincə təmsil etməsi idi. İnfrastrukturun qurulması, mütəxəssislərin yetişdirilməsi, uşaq futbolu, futbolun kütləviləşməsi proqramın əsas tərkib hissələri kimi önə çəkilmişdi.
Fanat.Az-ın Dövlət Proqramının nə dərəcədə yerinə yetirildiyi ilə bağlı "Elxan Məmmədova sualımız var" lahiyəsindən xəbərdarsız. Hər dəfə bir sual və bir cavabdan ibarət olacan araşdırmamızın artıq 4 hissəsi yayımlanıb. (
I hissə,
II hissə,
III hissə,
IV hissə)
Sual:
Milyonlar qarşılığında qeyd etdiyiniz 100 mindən artıq uşaq-yeniyetmələrdən niyə rəqabətədavamlı futbolçular çıxmadı, Dövlət Proqramından istifadə edərək assosiasiya bu illər ərzində uşaq-gənclər futboluna ümumilikdə nə qədər maliyyə xərclədi və bunun qarşılığı niyə verilmədi?
Sualın cavabı:
Milli məğlub olur, uşaq futbolu yada düşür, yaş üzrə yığmalar bərbad çıxış edir, uşaq futbolu yada düşür. Legioner həyatı yaşayan, ciddi uğur qazanan futbolçumuz yoxdur, yenə uşaq futbolu yada düşür…
Bu problemləri yada salan, fəryad qoparan təkcə mətbuat, kənardan haqlı tənqidlərini edənlər deyil. AFFA-da uzun illər çalışmış məşqçilər, kabinetlərdə əyləşən mütəxəssislər deyir. Belə olan halda 10 ildən çox müddətdə nə edilib? Axı bu illər ərzində futbola külli miqdarda dövlət vəsaiti xərclənib.
Uşaq futbolu deməklə futbolçu yetişmir. Gərək şərait yaradasan, ortaya ciddi, gələcəyi təmin edə biləcək layihələr qoyasan. Bunu da ilk növbədə ölkədə futbolun strateji inkişafına cavabdeh AFFA etməlidir.
Assosiasiyada digər sahələrlə yanaşı Layihələrin Təminatı Departamenti də baş katib Elxan Məmmədovun nəzarətindədi. Hələ açılıb-bağlanmış "Mançester Yunayted Məktəbi” layihəsi də AFFA strukturuna salınmışdı. Futbolda həyata keçirilən bütün layihələr katiblikdən keçir, onların birbaşa rəhbərliyi ilə həyata keçirilir. Bununla paralel sayı-hesabı bilinməyən əcnəbi futbolçular milliləşdirilir, yığmalara cəlb edilir. Bu qədər layihələrə milyonlar xərcləndiyi halda, milliəşdirilənlərə nə ehtiyac var və ya niyə keyfiyyətli futbolçular üzə çıxmır. Dara düşəndə də "klublar günahkardır" deyilir. Əlbəttə, klublar da yaxasını kənara çəkə bilməz. Amma "Bakı", "Qəbələ" akademiyalara üstünlük verəndə, bəzi klublar istedadlar üzə çıxaranda AFFA-dakı cavabdehlər onlara nə köməklik etdilər? Xoşbəxtliyi Berlində axtardılar, menecerlər şəbəkəsi qurub milliyyəti bilinməyən, əsasən yararsız, Azərbaycana heç bir aidiyyatı olmayan legioner futbolçulara milli pasport aldılar. Ardından elə həmin menecerlər belə desək, klublara əl uzatdılar. 10-dan çox əcnəbi direktorlar gətirərək komandalara "yapışdırıldı”. Hər birinə dövlət hesabına illik 100 minlərlə dollar ödənildi. Menecer-kadrlar bu "layihədən" yaxşı faiz tutdular.
Sonda nə baş verdi? Klublar dağıldı, yaxşı qazanc dalınca Azərbaycana gələnlər ölkəni tərk etdilər.
Uğurlu layihə idisə, niyə bu gün klublarda futbolçu yetişmir? Onsuz da klubların əksəriyyəti AFFA-nın nəzarətindədir. Klublar günahlandırılırsa, gülünc layihələrin törətdiyi fəsadlar niyə ikinci plana keçirilir? Niyə assosiasiyada meşin qapılar arxasında əyləşənlərin səriştəsizliyi, yürüdülən futbol siyasətinin qeyri-şəffaflığı qabardılmır?
UEFA hər dəfə uşaq futbolunun inkişafı üçün klublara maliyyə yardımı edir. Son illərin köçürmələri milyonlarla ölçülür. Beynəlxalq qurum Azərbaycan futbolunun gələcəyini nəzərə alırsa, yerli futbol qurumundakı hakimiyyət niyə hər şeyi qulaqardına vurur? Klublara sırınan əcnəbi direktorlara xərclənən milyonlarla hər bir şəraiti qurulmuş, artıq futbolçu verən "Bakı" akademiyası xilas edilə bilməzdimi? Məgər belə mümkünsüz missiya idi? Təbii ki, yox. Sadəcə şəxsi maraqlar ön plana çəkilmiş, nüfuz savaşı dumanlı beyinləri qıcıqlandırmışdı.
Ən ağrılı sahə, uşaq futboluna rəhbərlik futbola heç bir aidiyyatı olmayan marketoloq-dosta tapşırılıb. Belə olan halda hansı inkişafdan danışmaq olar?
Təməli yanlış qoyulan sahədən "bar" ummaq Antarktidada banan yetişdirilmək sevdasına bənzəyir.
Futbol üzrə yeganə olimpiya çempionumuz Iqor Ponomaryov da uşaq futbolunun bərbad vəziyyətdə olması ilə bağlı danışıb. Adam özü bu torpaqda yetişdiyi üçün Azərbaycan futbolunun potensialına bələddir (Hərçənd onun da indi dilə gəlməsi başqa yazı mövzusudur). Heç kim danışmasa belə, futbola cavabdehlər var və onlar məsuliyyət daşıyırlar. Buna görə də milyonlarla vəsait federasiyanın hesabına köçürülür və layihələri həyata keçirənlər də bəllidir. Dövlət başçısı məmur özbaşınalıqlarına görə dəfələrlə ictimai nəzarətin olması məsələsini qabardıb, mətbuatda obyektiv yanaşmanın vacibliyini vurğulayıb, problemlərin qaldırılmasını istəyib.
AFFA-da layihələrə cavabdeh baş katib isə öz komfortundan razılığını bildirir.
Bu ölkədə vaxtilə Avropa, dünya çempionluğunu qazanmış gənclərimiz yetişib. İndi daha yaxşı şəraitdə bunun daha artığı olmalı idi.
Günahı kənarda axtarmaqla işi bitmiş saymaq ən azı futbol ictimaiyyətinə qarşı böyük sayğısızlıqdır. Rəhbərsənsə, ilk növbədə özünütənqidin güclü olmalıdır. Ponomaryovların indi dilə gətirdiyi tənqidlər müzakirəyə çıxarılmamalıdır. Onsuz da obyektiv tənqidlər illərdir yazılır, deyilir. Əsas mövcud xaosdan qurtuluş yolunun tapılmasıdır. Buna çalışmaq, buna can atmaq lazımdır.
Şübhəsiz, bu gün Dövlət Proqramına uyğun nəticə tam fərqli olmalı idi. Elə proqramın nəticələr bölümündə yazıldığı kimi, kütləvilliyin təmin edilməsi, bölgələrdə iş yerlərinin açılması, beynəlxalq səviyyəli peşəkar futbolçuların hazırlanması, nəticələrin təmin olunması.
Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin sözünə qüvvət, uşaq futbolunda, yığmalarda elə acınacaqlı vəziyyətdi ki, sabah San Marino üzərində qələbə də sensasiya sayılacaq. Bunları biz demirik, AFFA-da, baş katibin komitə layihələri çərçivəsində ətrafına topladığı məşqçilər deyir. Onlar yəqin ki, Elxan Məmmədova qarşı "qərəzli" olmazlar.
Uşaq futbolunda dönüşün yaradılması üçün ilk növbədə layihə rəhbərlərinin futbola dönüşü lazımdır.
Əli Sahib
Fanat.Az