Son mövsümü Gəncənin "Kəpəz” klubunda keçirən 26 yaşlı futbolçu Tural Rzayev Gürcüstanın 1-ci Liqasında çıxış edəcək Martvelinin "Merani” klubu ilə razılığa gəlib.
Fanat.Az xəbər verir ki, tərəflər arasında 1 illik rəsmi müqavilə imzalanıb. Rzayev yeni klubunda 80 nömrəli futbolka altında çıxış edəcək. "Merani” komandası yarışın əsas favoritlərindən hesab olunur.
Qeyd edək ki, Tural Rzayev kareyrası ərzində artıq ikinci dəfə legioner həyatı yaşayacaq. Buna qədər isə yarımüdafiəçi Litvanın Yüksək Liqasında çıxış edən "Janova” komandasının şərəfini qoruyub.
Xatırladaq ki, son klubu "Kəpəz" olan Tural, Gəncə futbol məktəbinin yetirməsidir. Professional futbolçu karyerasını "Neftçi"nin 17 yaşlılardan ibarət komandasında başlayan Rzayev, daha sonra flaqmanın əvəzedici heyətində, o cümlədən "Ağsu", "Zirə" və "Kəpəz" komandalarında çıxış edib.
Fanat.Az