AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov məsuliyyətinin fərqindədi. AFFA-nın son Konfransında Nizamnamə dəyişikliyinə və bunun əsasında vəzifə artımına nail olan əbədiyaşar baş katib yeni planlar qurur.
Məmmədov gözəl anlayır ki, prezident Rövnəq Abdullayevi səhnədən sildikdən sonra hədəfə daha çox gələcək. İndi hər uğursuzluqda, hər problemdə birbaşa günahkar məhz o göstəriləcək. Bu səbəbdən müəyyən addımlar atmağa məhkumdu. Ən azı görüntü yaratmalı, bütün futbol ictimaiyyətini birləşdirməyə cəhd etdiyini nümayiş etdirməlidi. İmitasiya məharəti…
"Qarabağ”ın kapitanı Rəşad Sadıqova görüş təklif etməsi və bu xəbərin mətbuata sızdırılması təsadüf deyil. Hamı bilir ki, Rəşad böyük gücdü, imic sahibidi və əvvəl-axır uğursuz AFFA rəhbərliyinin ən real alternativi olacaq. Hələ futbolçu ikən söz sahibi olan bu şəxs karyerasını bitirdikdən sonra məşqçi, idarəçi kimi daha təhlükəli görünəcək. Bu səbəbdən onunla kompromis tapmaq, ən azı guya buna cəhd etdiyinin görüntüsünü yaratmaq istəyir.
Millinin sabiq kapitanı, "Qarabağ”ın uğurlarında böyük pay sahibi olan Rəşad sağlam çevrəsi ilə də Məmmədovda əndişə doğurur. Onunla eyni sırada olan cavan məşqçilərin hamısı çox uğurludu və özlərindən əvvəlki məşqçilər nəslini demək olar, yaddan çıxartdırıblar. Nüfuzlu Sadıqov hələ futbol oynaya-oynaya millinin baş məşqçisi postuna namizəd sayılırsa, deməli, onunla hesablaşmaq lazımdı. Bu səbəbdən görüş planlaşdırılır, baş katib növbəti dəfə Sadıqovu aldatmağa cəhd edəcək, alınmasa belə, ən azı birləşmək, qüvvələri səfərbər etməyə cəhd göstərdiyinə dair görüntü yaradacaq.
Elxan bəy veteranlardan da narahatdı. Ən çox narazılıq bu cəbhədən gəlir və əksəriyyət imtiyazlar, iş istəyir, futboldan kənar qalmalarından gileylənirlər. Məmmədov bu səbəbdən sabah təmtəraqlı bir tədbir keşirmək niyyətindədi. "Bulvar Otel”də (məkan və zaman fərqli də ola bilər – red.) bütün veteranların dəvətli olduğu görüş keçiriləcək. Onlarla söhbət aparılacaq, tələb və təklifləri dinlənəcək.
İcraçı vitse-prezident bununla həm veteranlara diqqət göstərdiyini göstərməyə çalışacaq, həm də çox ehtiyat etdiyi bir prosesə qarşı əks addım atacaq. Yoxsa illərdi yadına salmadığı futbol adamlarını niyə indi başına yığsın ki?
Bildiyiniz kimi, yeni yaradılan Futbol İctimaiyyətinin Həmkarlar İttifaqı ötən ay ölkə başçısına narazılıqla dolu müraciət ünvanlayıb. Məktub artıq Prezident Aparatına çatıb və müzakirə mərhələsindədi. Təbii ki, məsələ araşdırılacaq və uyğun bilinən cavab veriləcək. Məmmədov müraciətə könlü istəyən kimi cavab yazmaq iqtidarında deyil, sifariş də verə bilməz. Bu səbəbdən görüntü yaratmaq, narazılıq məktubunun cavabında yumşaqlığa nail olmaq üçün veteranları bir araya yığır. Guya ki, narazı olanlar kiçik qrupdu və AFFA ətrafında daha böyük qüvvə toplaşıb.
Beləcə həm Nazim Süleymanovun rəhbərlik etdiyi qurumu zəiflətmək, həm də özünün ətrafında birləşənlərin daha böyük qüvvə olduğunu isbatlamağa çalışır. Yəqin ki, buna nail olacaq. Çünki sözügedən qurum zəif davranmış, 500-dən çox üzvü olmasına rəğmən, həmin müraciətə cəmi 10 nəfər imza atmışdı, bölgələrdəki veteranların, ümumiyyətlə, bütün təmsilçilərin imzalarını almaq kimi vacib həmlə edilməmişdi. İndi Məmmədov otelə yığdığı bütün veteranların imzası ilə razılıq müraciətinə nail olsa, ciddi cavab zərbəsi vurmuş olacaq. Bu, həm də "yuxarılar”ı aldatmaq, ələ alınmış bir qrup veteranın sayəsində yalan toplusu hazırlamaq cəhdidi. Amma illərdi bunu bacarıb və yenə istədiyini edəcək – planı təqdirəlayiqdi.
Elxan bəy veteranlardan sonra digər narazı qüvvələrlə də işbirliyinə cəhd edəcək. Təbii ki, onun kiminləsə bir olmaq fikri yoxdu. Düzdü, futbolu inkişaf etdirməyi çox arzulayır, amma liderləri, əyilməyənləri, sınmayanları qəbul etmir, ona sözəbaxanlar lazımdı.
Elxan bəy istəyinə müəyyən qədər nail olacaq. Amma ölkədə futbolun inkişafı üçün görüntü xarakterli təbliğat aksiyaları təşkil etməklə iş bitmir. Çalışmaq, əziyyət çəkmək lazımdı. Bunu bacarsa, biz də alqışlayacaq, boşa verilən 13 ili ona qismən bağışlayacağıq. Bunun üçün isə niyyət təmiz olmalıdı. Hələlik nə Sadıqovla görüş cəhdində, nə də indiyədək yada düşməyən veteranları bir yerə toplamaq arzusunda bu, görünmür. Prosesi izləyəcəyik…
Mənbə: Futbolinfo.az