"Mən hər zaman milliləşdirməyə qarşı olmuşam. Əsas üstünlük yerli oyunçulara verilməlidi”.
Bunu Fanat.Az-a açıqlamasında millimizin sabiq üzvü Rail Məlikov deyib.
"Sumqayıt”ın təcrübəli kapitanı gündəmdə olan məsələlərdən birinə - "Keşlə”nin paraqvaylı legioneri Sezar Meza Kollinin Azərbaycan yığmasında oynamaq istəyini AFFA-ya çatdırmasına da toxunub:
"Bir sıra ölkələrin də yığmalarında legionerlərin çıxış etdiyini görmüşük. Misal olaraq qonşu Türkiyəni də göstərmək olar. O futbolçu milliləşdirilməlidi ki, bizim oyunçulardan 3-4 dəfə güclü olsun, azərbaycanlılardan nəzərəçarpan dərəcədə üstün oynasın. Ola bilsin ki, Sezar Meza Kolli ilə bağlı mütəxəsislər düşünüb qərar verib. Ancaq belə götürsək, Meza Kollinin, ümumiyyətlə, yeri yoxdu. Onun bizim yığmaya nə dərəcədə faydalı olacağını gələcək göstərəcək. Bizi yaxşı mənada təəccübləndirib yığmaya fayda verə və ya hansısa yerli gəncin millidəki yerini tuta da bilər. Bu barədə danışmaq hələ tezdi, zaman göstərər. Elə legionerlər var ki, Ronaldunu xatırladır, amma baxırsan ki, Azərbaycana gələndən sonra oyunu alınmır”.
Fanat.Az