"Qarabağ”ın futbolçusu Maqaye Qeye Britaniya mətbuatına açıqlama verib.
Fanat.Az xəbər verir ki, fransalı hücumçu "Everton”da çıxışı haqda danışarkən o vaxt komandanı çalışdıran Devid Moyes haqda müsbət fikirlər səsləndirib. 30 yaşlı forvard şotlandiyalı mütəxəssisin komandadan ayrılmasına üzüldüyünü bildirib:
"Devid Moyes mənim üçün ata kimi idi. O mənimlə sərt rəftar edirdi. Amma o vaxt səbəbini bilmirdim, indi başa düşürəm. Çünki mənə güvənir, mənə inamını bu cür göstərirdi. Düşünürəm ki, o, məndə bir istedad görürdü. Bu səbəbdən, hər zaman arxamda idi. Moyesi ata kimi görürəm, o isə mənimlə oğlu kimi davranırdı. Moyes komandadan gedəndə mənim üçün hər şey dəyişdi. Məyus oldum, çünki o məni istədiyi üçün komandaya gəlmişdim”.
Qeye Moyesi əvəzləyən Roberto Martinesdən və "Everton"dan ayrılmasından da danışıb: "O, yaxşı insan idi. Martinesə qarşı pis nəsə hiss etmirəm. Sadəcə, öz oyunçularını komandaya gətirdi və tamam başqa futbol istədi. Demirəm ki, bu mənim futbolum deyil, amma Devid Moyesin rəhbərliyi altında oynamaqdan daha çox zövq alırdım. Martines tamamilə fəlsəfəni və oyunçuları dəyişdi, dərhal planlarında olmadığımı söylədi”.
Qeyd edək ki, Maqaye Qeye 2010-2014-cü illərdə "Everton”un formasını geyinib. Devid Moyes isə 2002-2013-cü ildə bu komandanın baş məşqçisi olub. Qeye 2019-cu ilin iyulundan Ağdam təmsilçisinin heyətində çıxış edir.
Fanat.Az