BİZİM FUTBOL: 21-ci əsrin milli \"1 nömrə\"si - VİDEOLAR
"Keşlə”dən ayrılandan sonra "buxarlanan” Kamran Ağayev zəif yığmamızın epizodik uğurlarında pay sahibi olmuş futbolçulardandı.
"Xəzər Lənkəran”ın ən əzəmətli vaxtlarında Lənkəran təmsilçisinin "1 nömrə”si olmuş Kamran 2008-ci ildən dəvət aldığı millinin də vazgeçilməzinə çevrilməyi bacarmışdı.
35 yaşlı qolkiper "qalası daim atəşə tutulan” seçməmizi çox oyunlarda yenilgidən xilas edib. Xarakterindəki problemlər üzündən ara-sıra kiçik qalmaqallarda da adı hallanan Ağayevin 5 ən yaxşı milli oyununu müəyyənləşdirməyə çalışdıq.
Azərbaycan – Türkiyə matçı ağlagələn ilk belə görüşdü. Haqqında danışdığımız qapıçı prinsipial qarşılaşmaya xüsusi köklənmişdi. Qardaş ölkəni Bakıda 1:0 hesabıyla yendiyimiz oyunda idman xoşbəxtliyi də əlindən gələni edən Kamranın tərəfində idi:
DÇ-2010-un seçmə mərhələsinin oyunları təmsilçimiz üçün o qədər də parlaq alınmamışdı. Rusiyanın Bakıdan qələbə apara bilməməsinin əsas səbəbkarlarından biri də Ağayev idi. Bir qolkiper üçün görüşün sonlarında 11 metrlik cərimə zərbəsini əngəlləməkdən daha yaxşı nə ola bilərdi? Özü də bu, əlcək sahibinin hadisələrin inkişaf mərkəzində dayandığı yeganə an deyildi:
Şimali İrlandiya millisini qabaqlamaq real yanaşsaq, bizimkilərin boyundan yuxarı tullanmasıydı. DÇ-2014-ün seçmə mərhələsini 9 xalla bitirən təmsilçimizin "Tofiq Bəhramov”da bu rəqibini 2:0 hesabıyla yenməsi tərəfdarları ovundurdu. Yığmamızın qolkiperi 90 dəqiqə keçilməz təsiri bağışladı:
DÇ-2018-in seçmə mərhələsinə səfərdə San Marino üzərində minimal hesablı qələbə ilə başlayan və "cırtdan”a qarşı sərgilədiyi inamsız oyuna görə tənqid olunan milli Norveçi öz meydanında yenməklə azarkeşlərini qürurlandırdı. Hesabı 11-ci dəqiqədə açan Maksim Medvedev qonaqları irəli atılmağa vadar etdi. Rəqibin təzyiqini qarşılamağa çətinlik çəkən seçməni vəziyyətdən bir neçə parlaq qurtarışla yadda qalan qapıçısı çıxartdı:
2016-cı il oktyabrın 10-da, Ostravada baş tutan Çexiya - Azərbaycan qarşılaşması (0:0) unudulmaz matçlar siyahısındadı. Səfərdə özündən güclü komandaya uduzmayan milli tarixində ilk dəfə bir seçmə mərhələnin ilk 3 oyununda 7 xal qazanmışdı. Xalın qazanılmasında qapısını toxunulmaz saxlayan və yetərincə soyuqqanlı təsir bağışlayan Kamranın rolu böyük oldu:
Əslində Kamranın adından söz etdirdiyi matçlar daha çoxdu. İstər milli, istərsə də oynadığı klublarda komandasına fayda verməyi bacaran "çərçivə" qoruyucusu daha uğurlu karyera qura, Portuqaliyanın sıravilərindən sayılan "Boavişta"da 12 oyuna çıxmaq onun üçün ən uca zirvə sayılmaya bilərdi.