Məlum səbəbdən davam edən durğunluq dönəmində fanatlara tribuna vermək yerinə düşər.
"Qarabağ”ın əsas dəstəkçisinin - "İmarət” fanklubunun yaradıcılarından olan Elnur Quliyevlə əlaqə saxlayıb bizi maraqlandıran sullara cavab almağa çalışdıq.
- Özünü əsl fanat sayırsan?
- Özümü fədakar fanat sayıram. Vaxtında böyük fədakarlıqlar elədiyimi düşünürəm.”Qarabağ” adına görə əziyyət də çəkmişəm, pul da xərcləmişəm. Halbuki mənim o yaşımda olan uşaqların çoxu belə etməzdi.
- Səni stadiona aparan hansı hiss olub?
- İlk dəfə Ağdamda – "İmarət”də getmişəm oyuna. Açığı, o vaxt nəsə hiss etməmişdim. Böyüklər aparmışdı... İlk dəfə "Qarabağ”ın oyununa baxmışam, Bakıda canlı izlədiyim birinci oyun da elə "Qarabağ”ın oyunu olub. "Monpelye” ilə avrokubok matçı... (1999/2000 mövsümündə "İntertoto” kubokunda ilk mərhələni adlayan ağdamlılar Fransa komandasına evdə 0:3, səfərdə 0:6 hesabıyla yenilib – red.) Ağdamın işğal günündə "Rusenborq”la (2009/10 mövsümündə Norveç təmsilçisi ilə səfərdə 0:0 oynayan "Qarabağ” evdə 1:0 hesablı qələbə qazanaraq Avroliqanın 3-cü təsnifat mərhələsinə yüksəlib) Bakıdakı oyundan əvvəl tribunalara mümkün qədər çox adam gəlməsi üçün bacardığımdan da artığını etməyə çalışırdım. Canlı yayımlara qoşulur, hamını stadiona səsləyirdim. Radiodakı diceylərə mesaj yazırdım... O qələbə işğal tarixində duyğusal təsəlli oldu.
- Azərbaycan futbolunda fanat olmaq asandı?
- Nəinki fanat, azarkeş olmaq da çətindi. Çempionatda rəqabət yoxdu. ”Xəzər ənkəran”ın, "Neftçi”nin, "Qəbələ”nin güclü vaxtlarında gedən rəqabət maraq yaradırdı. İndi yalnız "Qarabağ”ın yanında olmaq naminə ölkə birinciliyinin oyunlarını izləyirlər. Yəni oyunlara getmək üçün insan özündə stimul tapa bilmir.
- "Qarabağ"a azarkeşlik etməyə başlayanda ondan gözlədiyin ən böyük nəticə hansı idi? Çatdırdı səni arzularına?
- İştah diş altındadı. Arzular əlçatan olduqca yeni üfüqlərə boylanırsan. "Qarabağ” məni arzularıma çatdırıb. Hətta meydanda bir vaxt mənə ən uzaq görünən xəyallarımı da gerçəkləşdirib. Yeni uğurlar isə irəlidədi. İnanıram buna! İndi Avroliqada qrupdan çıxmasını, daha da irəliləməsini arzulayıram.
- "Neftçi" - "Qarabağ" matçını böyük oyun sayırsan?
- Saymıram. Böyük oyunlarda tribunalara daha çox azarkeş toplaşmalıdı. Komandalar arasında ciddi rəqabət olmalıdı. "Qarabağ” çempionluqları sıralayır, "Neftçi” bu mənada heç nə edə bilmir axı.
- Tribunada başına gələn dava-dalaş olub? Harda?
- "Neftçi” ilə "Bakcell”də oynayırdıq. Hansı görüş olduğunu dəqiq xatırlamıram. Çox böyük dava olmuşdu. Bayraqlarla bir-birimizə hücum etmişdik. Tutulanlar da az deyildi. Məşhur xanəndəmizi - Elnur Zeynalovu da səhvən saxlayıb bölməyə aparmışdılar. Ertəsi "Leyli və Məcnun”u oynamalıydı. Kefi əməlli-başlı pozulmuşdu. Sonradan buraxdılar.
- Qarabağ" səni ağlada bilib?
- "Rusenborq”la oyunda ağladıb. Kövrəltdiyi anlar çox olub. Ən çox ağladığım isə elə həmin qarşılaşmadı. Komandamız böyük əzmkarlıq, fədakarlıq sərgiləmişdi. Oyuna əla köklənmişdilər, bizim də ürəyimiz meydanda idi. Rəşad Sadıqov qol vuranda işğal olunmuş torpaqlar kino lent kimi gözümün qabağından keçdi. Həqiqətən belə oldu.
- Ən sevdiyin "Qarabağ"lı futbolçu kimdi?
- Bir yox, bir neçə nəfərdi. İkisinin adını çəkə bilərəm: Rəşad Sadıqov və Qara Qarayev. Hər ikisi meydanda yaxşı futbolçu, meydandan kənarda yaxşı insandı.
- "Qarabağ"da oynamış və ya oynamağa davam edən futbolçular arasında bəyənmədiyin hansıdı?
- Səmimi deyirəm, belə futbolçu olmayıb. "Qarabağ”ın bütün oyunçularını öz əsgərlərimiz saymışam. Əsəblərimlə oynayanlar topu özündə lazımsız yerə saxlayanlar, vaxtında pas verməyənlərdi.
- "Neftçi"ni yenməklə "Qəbələ"ni yenmək arasında sənin üçün fərq var?
- Müəyyən qədər var. "Neftçi” bizə qarşı daha böyük motivasiya ilə çıxış edir. "Qarabağ”ı yenmək onlar üçün çox şey deməkdi. Meydanda bacardıqlarından artığını etməyə çalışırlar. Azarkeşlər də bir-birinə atmacalar atır, oyunda az da olsa, prinsipiallıq var. "Qarabağ”a hər oyunda müqavimət göstərdiyi üçün "Neftçi” ilə görüşlər maraqsız keçmir.
- Hansı yerli hakimi bəyənirsən?
- Əliyar Ağayevi. Səviyyəli referidi.
- Bəs bəyənmədiyin?
- Rövşən Əhmədov var idi... Bəyənmədiyim o idi. Həmişə yersiz qərarları ilə bezdirirdi. Əfqan Həmzəyev də çox vaxt "Qarabağ"ı "sıxırdı".
- Qarabağ" ÇL-in qrupunda oynayıb. Daha artığını bacararmı?
- Çempionatda rəqabət çox zəifdi. Təəssüf ki, yerli oyunçu qıtlığı var. Səviyyəli legioner də tapmaq çətindi. Azərbaycan çempionatında oynamaq istəmirlər. Məsələ pul məsələsi deyil. Tapdıqlarının yarısından çoxu "yox” deyir, ya da beşqat pul istəyir. ÇL-in qrupuna düşmək böyük nəticədi. Hər şeyə real baxsaq, daha artığını tələb etmək olmaz. Amma bacarar. Məncə, daha böyük nəticə ilə təəccübləndirməyi də bacarar.
- Premyer Liqada əsas rəqibiniz hansıdı?
- Premyer Liqada rəqibimiz yoxdu. Nə vaxtsa əsas rəqiblərimiz olub. Bu gün isə reallıq belədi.
- Ən yaddaqalan avrokubok matçı hansıdı?
- "Tvente” ilə səfərdəki oyun idi. Hesaba baxmağa belə, özümüzdə cəsarət tapa bilmirdik. Nəticənin bizim xeyrimizə olduğunu eşidəndə dəli kimi ora-bura qaçırdım.
- Hansı görüş səni bərk pərişan edib?
- Uduzduğumuz oyunların çoxu. Dramatik yenilgilərimiz də az olmayıb axı… "Neftçi”yə qarşı çoxdan keçirdiyimiz kubok matçlarını Rusiyada olduğuma görə stadiondan izləyə bilməmişdim. Qapımıza haqsız penalti təyin etmişdilər. O penaltini hələ də unuda bilmirəm.
- Son dəfə tribunada nə vaxt olmusan?
- Dekabrda.
- "İmarət” fanklubunun gələcəyini necə görürsən? Yaradıcılarından biri olduğun "İmarət"lə indiki nədə fərqlənir?
- Biz tribunadan kənarda Qarabağ adı uğrunda daha çox mübarizə aparır, həqiqətləri əlimiz çatan hər kəsə çatdırmağa can atırdıq. Tədbirlər təşkil edirdik, bura gələn xarici klubların fanatları ilə əlaqələr yaradır, şəhidlər xiyabanına parır, onlara 20 yanvar hadisələri, Ağdam və işğalda olan digər torpaqlarımız haqda məlumat verirdik. "Qarabağ”I ən böyük mübarizə vasitələrindən biri saydığımız üçün onun yanındaydıq. Təxminən 10 il əvvəl daha gənc, daha həvəsliydik… Yaşlandıqca istər-istəməz hər oyuna gedə bilmirsən. Əlavə qayğılar yaranır…
İndiki uşaqlar da vətənpərvərdi. Çox cəsarətli gənclərimiz var. "İmarət”in sıralarındakıların çoxu ultraslığa meyillidi. Güzəşt etmək, rəqabətdə uduzmaq istəmirlər. Biz bir qədər fərqliydik. Gələcəklərini parlaq görürəm. Sayları çoxalıb, zamanın nəbzini əla tutrlar. Sosial şəbəkələrdə də fəaldılar. Əsas odu ki, öz sözləri, öz mövqeləri var və sayları artır. Açığı, ultraslığa meyilli olmalarını da bəyənirəm. Cəsarətli gənclərdi! Allahverdi Bağırovun əsgərləri həm bizim müəyyənləşdirdiyimiz yolla gedirlər, həm də öz çılğınlıqları ilə o yola rənq qatırlar.
Nihat Ağasoy
Fanat.Az