"Hər an milli komandaya yeni çağırışa cavab verməyə hazıram. Federasiya və məşqçilər heyəti bundan xəbərdardır. Ölkəmin yığmasında oynamaq mənim üçün şərəfdir".
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin qapıçısı Stanislav Namaşko Moldova Futbol Federasiyasının rəsmi saytına müsahibəsində milliyə mümkün qayıdışı barədə danışarkən deyib.
Qolkiper Azərbaycan çempionatının durumundan danışıb: "Öncədən Azərbaycanda mayın 4-dək fövqəladə vəziyyət rejimi elan etdilər. Sonradan onu mayın 31-ə qədər uzatdılar. "Keşlə” hazırda turnir cədvəlində "Qarabağ” və "Neftçi”dən sonra 3-cüdür. Dördüncü pillədəki "Sumqayıt”ı 7 xal qabaqlayırıq. Avropa Liqasına düşmək üçün yaxşı şanslarımız var”.
Karantin dövründəki məşğuliyətindən də söz açan 34 yaşlı qapıçı bildirib ki, hazırda həyat yoldaşı və 2 övladı ilə birlikdə Tiraspol şəhərindədir: "Günə 1,5 saatlıq məşqlə başlayıram. Həmçinin hər axşam komandamla birlikdə onlayn hazırlıqda iştirak edirəm. Qalan vaxtımı isə ailəmlə keçirirəm. Evdə çoxlu iş olur".
Namaşko müqaviləsinin başa çatması və gələcək planlarına da toxunub: "Müqaviləm iyunun 31-də başa çatır. Koronavirus pandemiyası üzündən yaranmış vəziyyətə görə hələ rəhbərliklər müqavilənin uzadılması barədə danışmamışıq. Düzünü deyim, mən bundan sonra da "Keşlə”də oynamaq istəyirəm. Buna görə də ümid edirəm ki, mənə yeni müqavilə təklif olunacaq”.
Moldovalı qapıçı istənilən an Azərbaycana qayıtmağa və komandasına qoşulmağa hazır olduğunu bildirib: "Kişinyovda yerləşən Azərbaycan səfirliyi ilə əlaqə saxlamışam. Bütün lazımı sənədləri hazırlayıb Azərbaycan vətəndaşları üçün Bakıya çarter reysinin təşkil olunmasını gözləyirəm".
Fanat.Az