"Üç ay futbol oynamayandan sonra cəmi birhəftəlik məşqlə futbolçuların meydana çıxması fədəkarlıqdır".
Fanat.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov deyib.
O, "Keşlə" ilə "Bakcell Arena"da keçirilən sınaq görüşündən (3:1) sonra keçirilən mətbuat konfransına qatılıb. Öncə qısa fikirlərini bildirən çalışdırıcı ardından media mənsublarının sulallarını cavablandırıb:
"Böyük risklər var. Futbolçuların fiziki durumu yerində deyil. Üstəlik, hava da çox isti idi. Amma futbolçular əzmkarlıq göstərib tapşırıqları yerinə yetirməyə çalışdılar. Çatışmazlıqlarımız çoxdur. Amma bunların üzərində işləmək üçün vaxtımız var.
- Dario Federiko "Neftçi”də onu istəmədiklərini və getmək niyyətində olduğunu söyləyib.
- Bizimlə müqaviləsi var. Klubun onu istəməməsi ilə bağlı danışığımız olmayıb. Bu gün oyunundan razı qaldım.
- Soni Mustivar alışmadığı mövqedə - müdafiənin sol cinahında oynayırdı. Necə təsir bağışladı?
- Rəsmi oyun olmadığı üçün həmin mövqedə yoxlamaq istədik. Orta sahə oyunçusu olsa da, sol cinahda da maksimum çalışdı. Oyunu məni qane etdi.
- Ömər Buludovun olmaması nə ilə bağlı idi?
- Məşqdə zədələnmişdi. Ona görə risk etmək istəmədik.
- Baqali Dabonun gedəcəyi deyilirdi? Bu məsələ nə yerdədi?
- Düşünürəm ki, sona qədər bizimlə olacaq.
- Qardaşınız Xaqani Məmmədovun "Neftçi"nin məşqçilər korpusuna gələcəyi barədə xəbərlər var...
- Bilmirəm, bu xəbərlər necə çıxır. Belə bir şey yoxdu. O, "Qəbələ”də işləyir. Bizim planımızda heç vaxt belə bir şey olmayıb. Belə bir məlumat yazılırsa, həmin məşqçinin işlədiyi yer üçün də ziyan olduğunu düşünmək lazımdı. Onu "Neftçi”yə gətirmək planımız yoxdu.
- "Neftçi” həftəsonu üçün "Qəbələ”yə gedəcəkmi?
- Xeyr, Bakıda qalacağıq.
Fanat.Az