"Avrokubokların püşkünün bütün komandalarımız üçün uğurlu olduğunu demək olar".
Bu sözləri Fanat.az-a "Komanda.az" saytının baş redaktoru Rəşad Ergün deyib.
Çempionlar Liqası və Avropa Liqasının püşkatmasını dəyərləndirən tanınmış jurnalistin fikrincə, rəqiblərimiz "dişimiz"ə görədir:
"İşin maraqlı tərəfi odur ki, bu mövsüm avrokubokda çıxış edəcək 4 klubumuzdan 3-ü Şimali Makedoniya təmsilçiləri ilə üz-üzə gələcək. Təkcə "Keşlə" "ansambl"dan kənarda qalıb ki, klub prezidenti Zaur Axundovun baş məşqçilik istedadının bu rəqibi keçməyə yetəcəyini düşünürəm. Bəli, bəli, məhz Zaur Axundovun. Bu adam bir neçə gün əvvəl absurd bir qərarla Tərlan Əhmədovu baş məşqçi postundan göndərdi, yəqin daha komandanı baş məşqçi kimi dolayısı ilə yox, birbaşa özü idarə edər. Bir sözlə, hesab edirəm ki, "dişimiz"ə görə rəqiblərdir. Bu komandaları keçməmək üçün gərək yaxşı komanda olmayasan".
Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" I təsnifat mərhələsində Şimali Makedoniya klubu "Sileks", II təsnifat mərhələsində isə "Şerif" (Moldova)//"Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqası təmsilçilərimizdən isə "Neftçi" "Şkupi" (Şimali Makedoniya), "Keşlə” "Laçi” (Albaniya), "Sumqayıt" isə "Şkendiya" (Şimali Makedoniya) ilə qarşılaşacaq.
Röya Kərimli