Xəbər verdiyimiz kimi, ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sumqayıt" klubunun bəxtinə Şimali Makedoniyanın "Şkendiya" klubu düşüb.
Püşkün nəticəsini dəyərləndirən "gənclik şəhəri"nin baş məşqçisi Ayxan Abbasov Fanat.az-a açıqlamasında rəqib haqda danışıb.
39 yaşlı mütəxəssisin fikrincə, bu yay heyətdən çox sayda futbolçunun getməsi komandaya çətinlik yaradacaq: "İlk dəfədir Avropa Liqasında çıxış edirik. Ona görə bizdə biraz təcrübəsizlik var. 4 potensial rəqibimiz arasında da ilk dəfə çıxış edənlər vardı. Püşkün nəticəsi Makedoniya komandası oldu. Son çempionatı üçüncü pillədə başa vuran və heyətində əsas və 21 yaşlılardan ibarət millinin oyunçuları olan komandadır. Düzdür, heyətdən bir çox futbolçu gedib və onların yerini doldurmaq lazımdır. Bu baxımdan həqiqətən işimiz çoxdur. Ancaq evdə oynayacağıq, öz meydanımızda üstünlüyümüz var. Çalışacağıq ki, bu amildən istifadə edək".
Ayxan Abbasov rəqibin digər bir üstünlüyünün çempionatlarının başlaması olduğunu bildirib: "Bir məqamı da qeyd edim ki, onların çempionatında 3 tur oynanılır. Bu oyunlarda formaya düşmək üçün onların yaxşı şasları var. Biz isə bir tur oynayacağıq. Ancaq bütün buna baxmayaraq, maksimum çalışıb hazır olacağıq".
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları avqustun 27-də gerçəkləşəcək.
Röya Kərimli