Moldovanın "Şerif" klubunun baş məşqçisi Zoran Zeçik Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"la matç barədə danışıb.
Fanat.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis Ağdam təmsilçisi ilə görüşdə nəticəyə nail olmaq istəyirlərsə, həm hücumda, həm də müdafiədə yaxşı oynamalı olduqlarını bildirib:
"Qarşıdakı oyunda nəyəsə nail olmaq istəyiriksə, həm müdafiədə, həm də hücumda daha yaxşı oynamalıyıq. I mərhələdə qalib gəlməyimiz mənim üçün vacib idi. Ümid edirəm ki, Bakıda daha yaxşı oynayacağıq. "Qarabağ” "Fola”dan daha güclüdü. Ümid edirəm ki, ötən mövsümdəki kimi daha yaxşı oynayacağıq. İlk oyunu təhlil etdikdən sonra ikinci matça hazırlaşacağıq. "Qarabağ”la görüşə çox az vaxtımız var. Belə bir rəqibə qarşı ciddi oyun nümayiş etdirməliyik”.
Qeyd edək ki, "Şerif” Çempionlar Liqasının I təsnifat mərhələsində "Fola”nı (Lüksemburq) mübarizədən kənarlaşdırıb (2:0). "Qarabağ" - "Şerif" matçı avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq.
Fanat.Az