"Sumqayıt”ın üzərindən qara buludlar çəkilmir. "Gənclik şəhəri"ni təmsil edən komandanın baş məşqçisi Ayxan Abbasov və klub prezidenti Riad Rəfiyev koronavirusa yoluxub.
Dekabrın əvvəlində "kimyaçılar”ın futbolçuları və tibbi personal kütləvi şəkildə koronavirusa yoluxduğundan baş məşqçi Ayxan Abbasov son iki turun təxirə salınmasının vacibliyini qeyd etmiş, premyer-liqa görüşlərinin formallıq xatirinə keçirilməsinin əleyhinə olduğunu bildirmişdi. Məhz onun etirazından sonra PFL tərəfindən elita təmsilçilərinə müəyyən güzəşt olundu, 19 günlük məcburi istirahət elan edildi.
Futbolçularına və komandaya görə narahat olan Ayxan Abbasovun özü də sonda COVID-19-a yoluxdu. Məhz bu səbəbdən 39 yaşlı mütəxəssis 2020-ci lin son oyununda – "Sabah”la matçda texniki zonada yer almadı. "Sumqayıt”isə ilk dövrədə səfərdə yendiyi "tələbələr”ə "doğma divarlar” arasında məğlub oldu. Ayxan bəylə yanaşı, "Sumqayıt”ın prezidenti Riad Rəfiyev də koronavirusdan əziyyət çəkənlər arasındadı. Hər ikisi hazırda ev şəraitində müalicəni davam etdirir.
Dünən Abbasov bizimlə söhbətdə virusun fəsadlarından danışdı, xəstəliyi necə keçirdiyinə toxundu: "Çox təəssüf edirəm ki, bu zəhrimar koronavirus sonda məni də tutdu. Fikirləşirdim ki, komandanı "Sabah”la oyuna da çıxardım, ondan sonra müəyyən müddətə sakit bir guşəyə çəkilib istirahət edərəm. Heyf, alınmadı. Çox dəhşətli bir şeydi. Bəlkə də "Zirə” ilə matçda texniki zonada olmaqla özümü riskə atdım. Özümdə müəyyən əlamətlər hiss etmişdim. Ancaq testimin nəticəsi neqativ olduğundan, məndə "heç nə yoxdu” fikri ilə işimə davam etdim. Vicdanım da yol vermədi ki, komanda üçün belə həssas məqamda kollektivi tək buraxım. Xəstəliyin ilk iki günü çox ağır keçdi. Özümü heç hiss etmirdim, çox əziyyət çəkdim. Sonrakı günlər tədricən özümə gəldim və vaxt ötdükcə dirçəldim. İnşallah, yaxın günlərdə karantindən çıxacam və yenidən komandanın yanında olacam”.
Mənbə: "Futbol+"