Azərbaycan və Türkiyə arasında əlaqələrinin möhkəmlənməsindən yararlanaraq AFFA TFF ilə razılığa gələ, qardaş ölkədə azərbaycanlı oyunçuların "yabancı" statusunun aradan qaldırılmasına nail ola bilər.
Fanat.Az-ın təklifini bu dəfə "Qəbələ" Futbol Akademiyasının meneceri Nail Kərimov şərh edib.
O, "Azərbaycanlı futbolçuların qardaş ölkədə əcnəbi statusu götürülsə, futbolumuz bundan nə qazanar" sualına belə cavab verib:
"Bir neçə il öncə Türkiyə Super Liqası klublarında əsas heyətdə 11 oyunçunun 11-də legioner ola bilərdi. Bu o deməkdir ki, AFFA və TFF arasında heç müqavilə olmadan belə türk klubları bizdən futbolçu alıb apara bilərdilər. Aparmayıblarsa, bizim baxmalı olduğumuz məsələ hər hansısa müqavilə yox, oyunçunun keyfiyyətidir. Biz o səviyyədə futbolçu yetişdirmiş olsaydıq, türk klubları Uzaq Balkan, Afrika, Cənubi Amerika və s. kimi yerlərə getməkdənsə, bu oyunçunu yaxın olan Azərbaycanda axtarardılar. Hansı ki, həm uyğunlaşma, anlaşma problemi yaşamayacaqdı, həm də Türkiyə klubuna azərbaycanlı futbolçu aparıb əsas heyətdə oynatmaq böyük marketinq üstünlüyü idi. Türkiyə çempionatı üçün Azərbaycan ən vacib xarici bazarlardan biridir. Təsəvvür edin ki, hər hansısa bir klubun heyətində azərbaycanlı oynayırsa, biz o oyunlara necə maraqla baxarıq və həmin klubun Azərbaycandakı dəyəri hansı səviyyəyə gəlib çatar. Bax bu cəhətdən əminəm ki, türk klubları bu məsələnin üzərində fikirləşiblər, amma oyunçu keyfiyyətinə görə bu sualın üstündən keçməli olublar.
Ola bilər ki, Azərbaycanda Türkiyə Super Liqasında oynayacaq səviyyədə bir neçə yaxşı oyunçu var. Amma o da Azərbaycan klublarında elə bir formada möhkələmlənib oynayır ki, maliyyə məsələlərində onun Türkiyəyə getmə sualı ətrafında nə futbolçu özü, nə də hər hansısa bir menecer fikirləşmir. Oyunçu keyfiyyətinin artmağı üçün ən vacib məqam oyun keyfiyyətinin artmasıdır. Ancaq bu detallardan danışmaq istəmirəm, onsuz da hamıya məlumdur. Uşağın təməli yaxşı qoyulmalı, bünövrəsi möhkəm olmalıdır. Təbii ki, hər şeyin başında uşaq futbolu dayanır, uşaq orada yaxşı yetişməlidir. Amma ordan yaxşı gəlməklə də iş yekunlaşmalı deyil. Sonrası da hər tərəfli qurulmalıdır. Bu məsələlər artıq saqqıza çevrilir deyə bunun ətrafında danışmağa ehtiyac görmürəm.
Müqavilə olarsa, yaxşı olar. Amma dediyim kimi, ən əsas oyunçu keyfiyyəti məsələsidir. Müqavilə yaxşı olar deyəndə Türkiyə I, II Liqası və regionlararası həvəskar liqası baxımından nəzərdə tuturam. Bəzi oyunçular məlum limit məsələsinə görə bizdə 23-24 yaşlarında artıq veteran statusuna gəlib çatırlar. Onlar üçün Bal Liqası yaxşı bazar idi. Gənc yaşda ora gedib dolanmaq üçün futboldan müəyyən qədər qazanc əldə edirdilər. Daha içlərindəki futbol sevgisini tez başa çatdırıb başqa bir sahəyə getmək məcburiyyətində qalmırdılar.
Azərbaycanlı oyunçular yavaş-yavaş Türkiyənin I və II liqasına getməyə başlasalar, Super Liqaya çıxmaq üçün imkanları daha çox olar. Eyni ölkə olsaq da, futbol anlayışımız fərqli olduğu üçün Türkiyəyə öyrəşmək o qədər də asan deyil. Deyək ki, sənin oynadığın şəhərdə vacib bir məsuliyyəti uzərinə götürmüş olursan. Burda vacib bir adama çevrilirsən. Bütün şəhər, bütün qəsəbə səni tanıyır, sənə dəstək olurlar və o dəstəyin müqabilində səndən yaxşı futbol gözləyirlər. Və beləcə sən yavaş-yavaş o məsuliyyəti anlayaraq, oyunlara tam köklənərək, hazırlaşa-hazırlaşa Super Liqaya gəlib çatırsan. Bax bu cəhətdən mənə elə gəlir ki, müqavilənin bağlanması I Liqa və ondan aşağı liqalara getməkdə müsbət rol oynaya bilər. Super Liqaya isə çox təəssüf ki, yox, çünki azərbaycanlı futbolçuların səviyyəsi hələ o qədər deyil".
Röya Kərimli