"Milli Dəstə" fanat qrupu sentyabrın 1-i Lüksemburq, 4-ü isə İrlandiya ilə keçiriləcək səfər matçlarında iştirak etmək istəyi ilə AFFA-ya müraciət edib və mənfi cavab alıb.
Fanat.Az xəbər verir ki, tərəfdarlar bu barədə sosial şəbəkədəki səhifələrində açıqlama yayıblar. Fan qrupunun açıqlamasını diqqətinizə çatdırırıq: "Qonaq azarkeşlər üçün ayrılan sektorunun sifariş olunması ilə bağlı AFFA-ya rəsmi müraciət ünvanladıq. Müraciətimizə cavab olaraq, UEFA-nın 2020-ci ildə qonaq sektorlarının bağlı saxlanılması ilə bağlı çıxardığı qərarın hələ də qüvvədə olduğu diqqətimizə çatdırılmış, buna görə də səfər azarkeşlərin milli komandamızı səfər matçlarında dəstək olması qeyri-mümkünlüyü vurğulanmışdı.
Buna görə də aşağıdakı qərarları həm Lüksemburqda, həm də İrlandiyada yaşayan soydaşlarımızın diqqətinə çatdırmaq istəyirik:
1) Qadağaya baxmayaraq, dəstəmizin bir neçə nümayəndəsi hər iki ölkəyə səfər edəcək
2) Mövcud şərait imkan verdiyi təqdirdə, yerli sektorların birinə biletlərin alınmasına çalışılacaq
3) Səfər sektorunun bağlı olması səbəbilə biletlər AFFA tərəfindən təmin oluna bilməz, buna görə də biletləri öz hesabımıza alacağıq
4) Yerləşəcəyimiz tribunada millimizə dəstək göstərilməsi matç ərzində vəziyyətə uyğun qərarlaşdırılacaq
5) Aktiv dəstək olacağımız təqdirdə, stadiondan xaric edilmək istisna olunmur. Buna görə də matça gələn şəxslər bunu nəzərə alaraq bilet almalıdır
6) Biletlərin hansı sektora alınacağı, biletlər satışa çıxdıqdan sonra qərarlaşdırılacaq və dəstənin müvafiq "Facebook" qruplarında açıqlanacaq.
Bir daha bildirmək istəyirik ki, yerli azarkeşlər üçün ayrılan sektorlarda qonaq azarkeşlərin mövcud olması UEFA qaydalarına ziddir və stadiondan kənarlaşdırılma ilə nəticələnə bilər".