Birləşmiş Ərəb Əmirlikləri klubu "Əl-Əyn"in millimizin üzvü Bəhlul Mustafazadədən imtina etməsindən 15-16 gün ötür. "Sabah" klubu və futbolçu özü dərhal reaksiya verərək, ərəblərdən FİFA-ya şikayət edəcəklərini bildirsələr də, ötən müddətdə bu istiqamətdə yenilik yoxdur.
Fanat.Az-ın paytaxt klubuna ünvanladığı sorğuya cavabdan belə aydın oldu ki, hələlik ali futbol qurumuna şikayət edilməyib: "Bəhlul Mustafazadənin məsələsi ilə bağlı hələ FİFA-ya rəsmi müraciət etməmişik. FİFA-ya müraciət məsələsi bir az uzun çəkən prosedurdu. Amma bu istiqamətdə iş gedir. Yaxın günlərdə rəsmən müraciət ediləcək. Bu məsələyə tam ciddi yanaşırıq. Bu istiqamətdə heç bir narahatlığa əsas yoxdu. Ümumiyyətlə, həm müraciət, həm də FİFA-da bu cür mübahisəli məsələlərə baxılması qısa müddətin işi deyil. Müəyyən vaxt tələb edən məsələlərdi. Bu müddətdə "Əl-Əyn"dən də bizə heç bir müraciət olmayıb".
Bəs futbolçu özü necə, FİFA-ya şikayət məktubu ünvanlayıb? Bu suala cavab tapmaq üçün Bəhlulun meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq: "Vəkillə danışıq apardıq, demək olar ki, proses yekunlaşıb. Hər şey hazırdı. Qalır iş prosedur üçün lazım olan sənədləri hazırlamaq mərhələsindədir. Hazırda bu yöndə iş gedir. Yəqin ki, yaxın günlərdə tamamlayıb rəsmi şikayət ünvanlayacağıq".
Qeyd edək ki, "Əl-Əyn"ə keçidi baş tutmayan Bəhlul Mustafazadə "Qarabağ"a transfer olunub.
Mirağa