Millinin oyunları ilə bağlı yaranan fasilədən istifadə edən "Səbail" sınaq matçı keçirib.
Fanat.Az xəbər verir ki, Bayıl təmsilçisi əvəzediciləri ilə qarşılaşıb. Görüş Aftandil Hacıyevin yetirmələrinin qələbəsi ilə başa çatıb - 2:1. Əsas komandadan qolları Rauf Əliyevlə Mirsaib Abbasov, "Səbail-2"dən isə ötən mövsümü icarə əsasında "Turan Tovuz"da keçirən Vidadi Cəfərov vurub.
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev hazırlığın gedişi ilə bağlı açıqlama verib: "İki əsas heyət üzvü komanda ilə birgə deyil. Ədilxan Qarəhmədov U-21-in, yeni transferimiz Domantas Şimkus isə Litva yığmasının toplanışına çağırılıb. Turan Manafov əsas yığmanın seleksiya toplanışına çağırılmışdı, hazırda klubun məşqlərində iştirak edir. Ədilxanla Domantas istisna olmaqla, tam heyətlə məşq edirik, itki yoxdur. Növbəti yoxlama oyunumuzu sentyabrın 5-də "ASCO Arena"da I Divizion komandası "Kəpəz"ə qarşı keçirəcəyik".
Hacıyev heyətin tam komplektləşmədiyini, "transfer pəncərəsi" başa çatana qədər azı bir hücumçu ilə güclənmək istədiklərini də açıqlayıb: "İki yeni oyunçuya ehtiyacımız var. Biri legioner olacaq. Bu gün-sabah legioner keçidini başa çatdırmağa çalışacağıq. Hücum xəttinə əcnəbi oyunçu almağı düşünürük. "Transfer pəncərəsi"nin sonuna qədər çatdırmasaq, bundan sonra gərək azad agentlərlə maraqlanaq".
Qeyd edək ki, ilk iki turdan sonra "Səbail"in 3 xalı var.
Mirağa