Bu ilin iyul ayında BƏƏ-nin "Əl-Əyn” klubu "Sabah"ın futbolçusu Bəhlul Mustafazadəni transfer etmiş, lakin 18 gün sonra onun keçidindən imtina edərək müqavilənin ləğv edilməsi ilə bağlı Bakı klubuna məktub yollamışdı. Bu müddətdə artıq futbolçunun "Sabah”la müqaviləsi də qüvvədən düşmüşdü.
27 iyul tarixində paytaxt klubu rəsmi saytında məsələ ilə bağlı "Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə FİFA məhkəməsinə müraciət edəcəyini bəyan etdi.
Maraqlıdır, məsələ ilə bağlı vəziyyət nə yerdədir? Bunu dəqiqləşdirmək üçün "Sabah" klubuna müraciət etdik.
Bakı təmsilçisinin mətbuat katibi Elnur Həmidov Fanat.Az-a açıqlamasında bildirdi ki, "Bu məsələni nəzarətdə saxlayırıq. Sadəcə, bu, bir qədər uzun çəkən prosesdir. Lazım olan sənədlərin toplanması və s. məsələlər müəyyən vaxt aparır. Hazırda bu istiqamətdə iş gedir. Vəkilimiz bu məsələlərlə məşğuldur".
Qeyd edək ki, Bəhlül Mustafazadə azad agent kimi "Qarabağ" klubuna keçib.
Röya