"Facebook"da yazdığı statusa görə UEFA-nın qərarı ilə "Qarabağ”dan uzaqlaşdırılan sabiq mətbuat katibi Nurlan İbrahimovun işinə yenidən baxılacaq. Avropanın ali futbol qurumunun İntizam Komitəsinin qərarına görə, İbrahimov futbol fəaliyyətindən ömürlük məhrum edilmiş, "Qarabağ” isə 100 min avro məbləğində cərimələnmişdi. Bu qərardan sonra İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edən sabiq klub rəsmisi şikayətinə baxılacağı günü, yəni oktyabrın 8-ni səbirsizliklə gözləyir.
Nurlan bəy məsələ ilə bağlı Qaynarinfo-ya danışıb. O, bəzi məqamlara toxunub, nəyə ümid etdiyini söyləyib:
"Haqq üçün mübarizəmizi sona qədər davam etdirmişik. Cəzanın hüquqi deyil, siyasi olduğu qənaətindəyik və məsələni buraya qədər gətirmişik. UEFA-nın cəzasının həddindən artıq ağır olduğunu sübut etmək üçün arqumentlərimizi ortaya qoymuşuq. Görək oktyabrın 8-də necə olacaq”.
Sabiq klub rəsmisi vəkillərin də eyni qənaətdə olduğunu vurğulayıb:
"Vəkil Fərid Haqverdiyev də məsələnin hüquqi deyil, siyasi olduğu qənaətindədir. Bu formada iştirak edirik. Konkret məsələnin necə olacağı bilinmir. İdman Arbitraj Məhkəməsi bir başqa qurumdur. Yəni, UEFA daxilində deyil, beynəlxalq məhkəmədir”.
Maraqlıdır, məhkəmə müsbət şəkildə yekunlaşarsa, Nurlan bəy yenidən futbola qayıtmağı düşünəcəkmi:
"Qərardan sonra necə olacağını deyə bilmərəm. Ümumiyyətlə, sabah nə baş verəcəyini heç kim bilmir. Hazırda əsas məsələ məhkəmədə nəyəsə nail olmaqdır. Yəni, futbola qayıdıb-qayıtmamaq mənim üçün birinci prioritet deyil. Məqsəd bu məsələdə haqqımız olanı almaqdır”.
Bəs mənfi cavab olsa necə, İbrahimov mübarizəni davam etdirəcəkmi:
"Mənfi cavab olsa, ümidimiz daha üst instansiyalara qalacaq. İnsan hüquqları məhkəməsi var. İnşallah, ümid edirəm ki, həmin məhkəməyə müraciət etmək məcburiyyətində qalmarıq”.