Azərbaycan Premyer Liqasının III turunda "Zirə" səfərdə "Keşlə"yə 2:0 hesabı ilə qalib gələrək çempionatda ilk qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyunu belə şərh edib:
"İlk dəqiqələr tam düşündüyümüz kimi oldu. Üstünlük qazana bildik, topa nəzarət edirdik. Ümumən ilk yarıda qırmızı vərəqəyədək yaxşı oynadıq. Rəqib azlıqda qaldıqdan sonra futbolçularım konsentrasiyanı itirdi. Say üstünlüyündən istifadə etməyə çalışırdıq. Sonda buna nail olduq və çox vacib qələbə qazandıq.
Daha hücumameyilli oynamaq istəyirik. Heyəti də bu düşüncə ilə komplektləşdirdik. Bəzən alınır, bəzən işlər düşündüyümüz kimi getmir. Ümumilikdə isə çıxışımızdan razı qaldım".