"Məğlub olmağa gəlməmişdik. Birinci hissədəki səhv penalti ilə nəticələndi. Bilirdik ki, rəqib belə səhvi bağışlamır. Futbolda belə səhvlər olur".
"Report"un məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis ikinci hissədə komandasından razı qaldığını bildirib: "Bəzi epizodlarda sonluq çatmadı. Komandamızın potensialı var. Daha yaxşı olacağıq. Buna inanıram. Növbəti görüşlərə köklənməliyik".
A.Abbasovun sözlərinə görə, hücumçular Əli Qurbani və Səid Rzazadə qarşılaşmanın sonlarında yaxşı oynayıb: "Meydanda mübarizə oldu. Futbolçular qapıya düzgün düşə bilsəydilər, qol vura bilərdik. 0:1 hesabı ilə geridə idik. Futbolçularda istək var.
Vaxt keçdikcə istər-istəməz bədəndə gümrahlıq itir. Çempionat həqiqətən gərgin keçir. Unutmayaq ki, "Qarabağ"a qarşı oynayırdıq. Səid Rzazadənin oyununu izləmişik. Yeni gəlib. Bu gün istədik ki, çempionatın ab-havasını hiss etsin. Oyunlarda müxtəlif rotasiyalar edəcəyik".