I Divizionun iddialı komandalarından olan "Kəpəz" çempionata ardıcıl heç-heçələrlə start verib.
İki turdan sonra komanda 9-cu pillədə qərarlaşıb. Bu durum baş məşqçi Yaşar Vahabzadəni ruhdan salmır.
Fanat.az-a açıqlama verən təcrübəli mütəxəssis problemlərə baxmayaraq, yenə iddialı danışıb:
"İlk oyunu "Qəbələ-2"yə qarşı keçirdik. Yaxşı komandadır, cavan uşaqları var ki, çox istəklidir. Bu heyətlə Gənclər Liqasında yarışacaqlar. Çox istəyirdik ki, mövsümə qələbə ilə başlayaq. İmkanlarımız da var idi. Ancaq həmin oyunda tam istədiyimiz formada deyildik. Xətlərarası əlaqə, uyğunlaşma problemi hiss olunurdu. Yayda heyət sıfırdan qurulub, hər futbolçunu bir yerdən gətirmişik. Bəzilərinin oyun praktikasında problem var idi. Yayda çox oyun keçirə bilmədik ki uyğunlaşma prosesini tez başa vuraq. Ümid edirik ki, çempionat oyunlarında tədricən artıracağıq. Turdan-tura daha yaxşı komanda olacağıq. "Qaradağ Lökbatan"la oyunda artıq irəliləyiş hiss olundu. Qalib gələ bilməsək də, bu dəfə uşaqlardan razı qaldım. Oyundan oyuna daha yaxşı olacağıq. İlk iki turda qələbə qazanmasaq da, hədəfimiz, iddiamız dəyişməyib".
Qeyd edək ki, "Kəpəz" yayda 10 yeni transfer reallaşdırıb.
Mirağa