"ASK Arena"da Premyer Liqanın iki uğursuzu "Keşlə" və "Sabah" üz-üzə gəldi. Hər iki komandanın baş məşqçisi - Ramin Quliyev və Sənan Qurbanov stadiona belə desək, "çemodan"ını toplayıb gəlmişdi. Meydandakı mübarizə öz yerində, oyunətrafı məqamlar da maraq kəsb edirdi.
* "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov ötən tur cəzalandığı və İntizam Komitəsi tərəfindən bir oyunluq kənarlaşdırıldığı üçün görüşü texniki zonadan izləyə bilmədi. Gənc mütəxəssis hələ oyundan əvvəl məşqçi skamyasının arxasındakı tribunada özünə yer etmişdi. Onun "Sabah"ın baş məşqçisi Ramin Quliyevlə söhbətləşdiyi diqqətimizdən yayınmadı.
* III turda “Zirə” ilə matçda rəqibi vurduğuna görə İntizam Komitəsi tərəfindən 3 oyunluq diskvalifikasiya edilən və əvəzedici komandaya göndərilən “Keşlə”nin hücumçusu Anatole Abanqın cəzası bu turdan sonra başa çatır. Öyrəndik ki, bu müddətdə I Divizionda 4 qol vuraraq yarışa bombardirlik edən Abanq məşqçilər korpusu tərəfindən bağışlanıb və növbəti turdan əsas komandaya cəlb olunacaq. Abanqın oyunu azərbaycanlı həyat yoldaşı ilə birgə VİP tribunadan izlədiyini də əlavə edək. İkilinin onlarla yanaşı əyləşən Hakimlər Komitəsinin sədri Fritz Stuxliklə nəyisə uzun-uzadı müzakirə etməsi də diqqətimizi çəkdi.
* Oyunu izləyənlər arasında qadınlardan ibarət millinin bir neçə üzvü var idi. Bu da təsadüfi deyil: axı millinin kapitanı Aysun Əliyeva "Sabah"ın müdafiəçisi Amin Seydiyevin həyat yoldaşıdır.
* "Keşlə"nin "Old wolf" fanat qrupunun yer aldığı tribunadan Vətən müharibəsi şəhidi İsrayıl Cəfərzadənin plakatı asılmışdı. Qəhrəmanımız "Keşlə" azarkeşi olub.
* İlk yarının ortalarında kobudluğa məruz qalan Kristian Sebalyos hakimin göstərişi ilə nəinki meydanı tərk etdi, birbaşa paltardəyişmə otağına yollandı. Bəlli oldu ki, "Sabah"ın hücumçusunun geyimində də problem olub. Geyimini qaydaya salandan sonra hakim onun oyuna qoşulmağına icazə verdi.
* Hələ ilk yarının gedişində "Keşlə"nin iki futbolçusu xəsarət aldığından məcburi əvəzetmələr baş tutdu. Gənc Elçin Mustafayev yıxılaraq çiynindən xəsarət aldığı üçün yerini Rafael Məhərrəmliyə verdi. Ayaq əzələsini dartan İlkin Qırtımovun yerinə isə Kərim Diniyev oyuna qoşuldu.
* Məşqçilər skamyasının arxasında ehtiyat oyunçular üçün ayrılmış tribunadan əyləşən Rəhman Hacıyev 50-ci dəqiqədə hirsli şəkildə "şitki"sini çıxararaq yerə çırpdı və getrinə bağladığı sarğını açmağa başladı. Yarımmüdafiəçi ehtiyatda qalmasına əsəbləşmişdi. Elə bu vaxt Merab Qiqauri zədələndi və meydanı xərəkdə tərk etməli oldu. Belədə baş məşqçi kənardan "Rəhman, qalx" göstərişi verdi. Komanda yoldaşları tələsik onun "şitki"sini yerdən götürüb gətirdilər və futbolçu oyuna qoşuldu. İnsafən, məşqçilər Rəhmanın etiraz bildirməsini görməmişdi.
* Matçın son dəqiqələrində futbolçular arasında gərginlik yaşandı. Felipe Santosla Xulio Sezar Rodriges kəllə-kəlləyə gəldi. Komanda yoldaşları onları birtəhər sakitləşdirdi. Hakim hər ikisinə sarı vərəqə verdi. Rəşad Əhmədovun final fitindən sonra az qala Felipe ilə Aleksey İsayev əlbayaxa olacaqdı. Braziliyalıya hücum çəkən Alekseyi zorla sakitləşdirmək mümkün oldu.
Mirağa