“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında belə danışıb:
“Futbolçularımı təbrik edirəm. Bu qələbəni haqq etdilər. Çox istəkliydilər. Meydanda ən yaxşısını etdilər. Çempionatın lider komandalarından birinə qarşı oynadıq. Oyunlarını gördükdən sonra əmin olduq ki, boşuna ilk sırada deyildilər. Çox yaxşı komandaya qarşı oynadıq. Maraqlı görüşün şahidi olduq. Hər iki komanda sürətli hücumlar qururdu. Futbolçularımdan razı qaldım.
Qələbədə futbolçularımızın ustalıq səviyyəsinin həlledici olması mümkündür. Hər kollektivin öz üstünlüyü var. Xüsusilə, ikinci hissədə meydana çıxan Filip Ozobiçlə Abdullah Zubir oyunu tam ələ ala bildilər. Rəqibin heyətində də yaxşı futbolçular var. Bəlkə də təcrübə hansısa anda köməyimiz oldu”.