Yunanıstan mətbuatı "Neftçi"də icarə əsasında çıxış edən Mamadu Kanenın qışda məxsus olduğu "Olimpiakos"a qayıdacağını yazıb.
Qvineya millisinin və Bakı klubunun 24 yaşlı yarımmüdafiəçisi parlaq çıxışı ilə Pirey təmsilçisinin rəğbətini qazanıb. Bu səbəbdən "Olimpiakos" rəhbərliyi Kaneni 2022-ci ilin yayını gözləmədən, elə bu qış qaytarmaq niyyətindədir.
Bəs "Neftçi" tərəfi nə düşünür? "Olimpiakos" paytaxt klubuna müraciət edibmi?
Bunu dəqiqləşdirmək üçün "Neftçi"yə müraciət etdik. Suallarımızı klubun mətbuat katibi Rüstəm Allahverdiyev cavablandırdı:
"Kanenin müqaviləsinə əsasən, "Olimpiakos"un onu qışda geri qaytarmağa tam hüququ var. Bu, normal bir prosesdir. Müqaviləni imzalayanda bunu bilirdik. Elə hazırlığımızı da ona görə etmişik. Bununla bağlı problemimiz yoxdur. Yunanıstan mətbuatında yazılanlar düz çıxarsa və "Olimpiakos" qışda Kaneni geri çağırarsa, biz onu geri qaytaracağıq. Ancaq bununla bağlı "Olimpiakos"dan bizə hələ ki, müraciət olunmayıb".
Xatırladaq ki, Kane Azərbaycan Premyer Liqasında cari mövsüm "Nefçi"nin heyətində bir qol vurub.
Röya