Türkiyənin I Liqa təmsilçisi "Keçiörengücü"nün futbolçusu Vüsal İsgəndərlinin Fanat.Az-a müsahibəsi
- Vüsal, legioner həyatı necə keçir? Özünüzdə nə kimi dəyişiklik, irəliləyiş hiss etmisiniz?
- Çox yaxşı keçir. Məncə, hər futbolçu üçün ölkə xaricində oynamaq önəmli amildir. İstər futbol, istər həyata baxış tərəfdən çox dəyişiklik olur. Daha çox böyüyürsən, doğru addımlar atmağa çalışırsan. Legioner oyunçu olduğun üçün daha çox çalımalı, daha diqqətli, örnək olmalısan ki, bunlar hamısı da məsuliyyət tələb edir.
- Komandanda vəziyyət necədir? Həm komandaya, həm yaşadığınız mühitə uyğunlaşa bilirsinizmi?
- Əlbəttə, uyğunlaşmışam. Hər şey yaxşıdır. Türkiyədə yaşamaq mənə rahatdır. Komanda da hər şeyin daha da yaxşı olacağına inanıram.
- Baş məşqçi ilə münasibətiniz necədir?
- Baş məşqçimiz ilə münasibətimiz yaxşıdır. Mənə çox dəstək olur. Ümumi olaraq klubda rəhbərlikdən işçilərə qədər hər kəs mənə çox dəstək olur. Sağ olsunlar.
- Ümumiyyətlə, orda ürəyinizcə olan, və ya olmayan məqamlar varmı?
- Ürəyimcə olmayan tək şey ailəmin yanımda olmamasıdır. Başqa hər şey çox yaxşı səviyyədədir.
- Ötən həftə X turun “İstanbulspor”la matçında (3:2) qələbə qolunu siz vurdunuz. Matçla bağlı fikirləriniz...
- Oyuna təzyiq altında çıxmışdıq. 3 xal bizim üçün çox önəmli idi. Şükür Allaha, qələbə qazandıq, mən də qol vurdum. Şərhçinin "azərbaycanlı oyunçu qol vurdu, "Keçiorengücü" qələbə qazandı" sözləri məni çox qürurlandırdı. İnşallah, daha yaxşı olmaq üçün əlimdən gələni edəcəyəm.
- Hər insan özü özünü təhlil edir. Siz öz çıxışınla bağlı nə düşünürsünüz?
- Öz çıxışımdan tam razı deyiləm. Daha yaxşı ola biləcəyimə inanıram.
- Hansısa klubdan təklif almısınız?
- İndiki vəziyyətdə təkliflər haqqında danışmaq düzgün olmaz.
- Azərbaycan klublarından təklif gəlsə geri dönərsiniz, yoxsa irəliləyiş baxımından Türkiyədə qalmaq daha yaxşıdır?
- Hələ ki, qayıtmaq kimi fikrim yoxdur. İnşallah, burda qalmaq və daha üst səviyyəyə qalxmaq istəyirəm.
- Ölkədən xaricinə çıxanda bunun fərqinə daha yaxşı varmaq olur. Necə vaxtdır ki, Türkiyədə çıxış edirsiniz. Bizim çempionatla ordakı liqanı müqayisə edə bilərsiniz?
- Yalan deməyim, fərq var. Həm də çox şeydə fərq var. Ən əsas da 19 klubun olması. Superliqaya çıxmaq, II Liqaya düşmək kimi stressin olması çox maraq qatır.
- Milli komanda ilə bağlı fikirləriniz. Son oyunlardakı uğursuzluqların səbəbini nədə görürsünüz?
- Milli komanda haqda danışmağım düzgün olmaz. Çox yaxşı baş məşqçimiz var. İnşallah, De Byazinin uğurlu olacağına inanıram.
Qeyd edək ki, "Keçiörengücü" bu gün ölkə kubokunda 3-cü mərhələnin oyununa çərçivəsində III Liqa komandası "Ağrı1970" ilə qarşılaşacaq.
Röya Kərimli