PFL "Vətən Müharibəsi"nin ildönümünə görə "Zəfər turu" adlandırdığı turla əlaqədar silsilə tədbirlər təşkil edib. Bu tədbirlərdən bir neçəsini "Keşlə" - "Neftçi" (3:2) matçında müşahidə etdik. Bu və digər diqqətçəkən məqamları bölüşürük.
*Oyun komandaların meydana üzərində "Zəfərin mübarək, Azərbaycan" yazılmış xüsusi köynəklərlə çıxışı ilə start götürdü. Oyundan əvvəl isinmə hərəkətləri zamanı isə ümumiyyətlə vətənpərvər ruhda mahnılar səsləndirildi.
* Görüşün başlamasına bir neçə dəqiqə qalmış stadionun səsləndirilməsində nasazlıq yarandı, lakin problem vaxtında aradan qaldırıldı.
*Oyunun 5-ci dəqiqəsində Harramiz Suares və Mirabdulla Abbasov azarkeşlər arasında oturan Buqrini ehtiyyat oyunçular üçün nəzərdə tutulmuş yerə çağırdılar. Onun soyuqda qalmasına könülləri razı olmayan komanda yoldaşları Buqrini isinmək üçün dərhal örtüklə təmin etdilər.
* "Neftçi"nin baş məşqçisi Samir Abasov cəza səbəbilə oyunu azarkeşlər arasından izləməli olub. 43 yaşlı mütəxəssis meydana uzaq olmasına baxmayaraq futbolçularına göstəriş verməyi unutmayıb. Onun İsmayıl Zülfüqarlıya uzun ötürmələdən istifadə etməsi tapşırığını futbolçu dəqiqliklə yerinə yetirdi.
*Samir Abasovun əyləşdiyi tribunada yer alan azarkeşlər mütəxəssisə çağırışlar etsələr də, "ağ-qaralar"ın çalışdırıcısı sözlərin heç birinə reaksiya vermədi.
* Oyuna sonradan daxil olan Yusuf Laval komandasına kömək edə bilmədiyinə görə olduqca məyus oldu. Hətta final fitindən sonra meydanın mərkəzində bir neçə dəqiqəlik fikrə getməsi məğlubiyyətdən necə sarsıldığını göstərdi.
* Samir Abasov "Neftçi"nin istər qol vurduğu, istərsə də top buraxdığı zamanı emosiyalarını olduqca yaxşı idarə etdi.
*Keşlə" azarkeşləri qələbəni "Keşlə Bakı" şüarı səsləndirərək qeyd etdi.
Emin Şəmsiyev