I Divizionun bombardiri "Qaradağ Lökbatan"ın hücumçusu Sabir Allahquliyevin Fanat.Az-a müsahibəsi
- 7 turdan sonra "Qaradağ Lökbatan" MOİK-lə birlikdə turnir cədvəlinə rəhbərlik edir. Növbəti tur rəqib məhz MOİK-dir. Vacib oyuna hazırlıq necə gedir?
- Həqiqətən bizi növbəti tur çətin oyun gözləyir. Əslində, demək olar ki, asan oyun yoxdur. Sonuncu turda “Zirə”yə 3:0 hesabı ilə qalib gəldik. Nəticə aldadıcı görünə bilər. Amma oyun çətin oldu. Bu matç məşqçilərin taktiki döyüşünü xatırladırdı. Biz tapşırıqları daha yaxşı yerinə yetirdik və qalib gəldik.
MOİK-lə oyuna gəlincə, hər oyunda olduğu kimi bu matç da ciddi olmağı, düzgün konsentrasiya tələb edir, həvəslə hazırlaşırıq. İnanıram ki, 8-ci tur bitəndə zirvədə tək qalacağıq.
- İki oyunda xal itirmisiniz. "Kəpəz"lə heç-heçə, "Keşlə-2"ə məğlubiyyət. Xal itkilərinin səbəblərini nədə görürsünüz?
- “Kəpəz”lə oyunda son dəqiqədə vurduğumuz qolla məğlubiyyətdən yaxa qurtardıq. “Keşlə-2” ilə matçda isə əksinə, oyunun sonlarına yaxın qapımızda qol gördük. Əsas səbəbi futbolçuların oyuna etinasız yanaşmasında görürəm.
- Komandanın məşqçilər korpusunda Premyer Liqa təcrübəsi olan Füzuli Məmmədov yer alır. Onun tələbkarlığı hamıya məlumdur. Xüsusilə fiziki planda...
- Füzuli müəllim həqiqətən ciddi və tələbkar məşqçidir və işinə olan ciddiyatı, tələbkarlığı futbolçulardan da tələb edir. Əsas tələb nədən ibarətdir? Nəinki hər oyuna, həmçinin, hər məşqə məsuliyyətli və peşəkar yanaşmaq. Bizdə futbolçular, məşqçilər, texniki heyət, bir sözlə hər kəs işinə məsuliyyətlə yanaşır. Bunun da nəticəsidir ki, kollektiv həm fiziki, həm də taktiki baxımdan hətta Premyer Liqa təmsilçilərindən geri qalmır.
- Komandanın kapitanısınız. Lider komandanın lideri olmaq çətin deyil?
- Bu cür komandada kapitan olmaq əlbəttə böyük məsuliyyətdir. Kapitan istər məşq olsun, istər oyun, istərsə də futboldan kənarda digər komanda yoldaşlarına nümunə olmalıdır. Mən də bu şərəfli işin öhdəsindən gəlməyə çalışıram.
- Heyətə fikir versək, yaşlı futbolçularla yanaşı gənclər də az deyil. Daha çox hansılarla oynamaq rahatdır? Ümumiyyətlə, gənclərdən hansını daha perspektivli görürsünüz?
- Əlbəttə, yaşlı futbolçular daha təcrübəli olduqları üçün onlarla anlaşmaq daha rahatdır. Amma unutmayaq ki, gənclər bizim gələcəyimizdir. Ona görə hər bir yaşlı futbolçu bacardıqca gənclərə hər sahədə dəstək olmalıdılar. Mən özüm də gənc olmuşam, yaşlı futbolçulardan dəstək görmüşəm və bu ənənəni davam etdirməyə borcluyam.
Komandamızdakı gənclər perspektivlidirlər. Bayaq qeyd etdiyim kimi, işlərinə peşəkar yanaşsalar, məşqçilərin tapşırıqlarını yerinə yetirsələr, gələcəkdə böyük uğurlara imza ata bilərlər.
- Karyeranız ərzində bir çox komandaların şərəfini qorumusunuz. "Qaradağ Lökbatan"ı əvvəlki komandalarınızdan xüsusi fərqləndirən cəhət varmı?
- Bir çox komandaların formasını geyinmişəm. Əksəriyyəti Premyer Liqa təmsilçiləri olub. Fərqi nədə görürəm? Özümlə bağlı... indi daha təcrübəliyəm. “Qaradağ Lökbatan”a gəlincə, peşəkarlıq, tələb daha yüksəkdir. Məşqlər də baş məşqçimiz Rafael Əmirbəyovun, məşqçimiz Füzuli Məmmədovun rəhbərliyi altında taktiki, teknixi baxımdan böyük ölçüdə fərqlənir. Daha modern məşqlər edirik. Hər məşqimiz növbəti rəqibə uyğun aparılır. Belə deyim, məşqlər qarşıdakı oyunun epizodları olur.
- Bəs, Divizonu təmsil edən digər komandalardan?
- Fərqləri ancaq oyun vaxtı görmək olur. Bu fərq də əsasən müasir məşq və taktiki gedişlərdir.
- 7 oyunda 7 qolla bombardirlərin yarışında da lidersiz. Çempionatın sonuna kimi bu uğuru saxlaya biləcəksiniz?
- Bu, tək mənim deyil, bütün komandanın uğurudur. Şablon səslənə bilər, amma həqiqətən mənim üçün əsas qalib gəlməyimizdir. Qolları özümə görə deyil, qələbə üçün vururam. Məqsədimiz çempion olmaqdır. Bunu bacarmasaq, bombardir olmaq nə mənə, nə də komandama heç nə verməyəcək.
Röya Kərimli