Mövsüm ərəfəsində etdiyi transferlərlə diqqətləri üzərinə çəkən "Kəpəz" çempionluğa əsas namizəd sayılsa da, hələki ümidləri doğrultmur. Hazırda 5-ci pillədə qərarlaşan Gəncə klubu liderlərdən 6 xal geri qalır.
Fanat.Az komandanın baş məşqçisi Yaşar Vahabzadə ilə bu və digər suallar ərtafında söhbətləşib.
- "Kəpəz" 6 oyunda cəmi 10 xal toplayıb. Komanda uduzmasa da, daha çox heç-heçə etməklə yadda qalıb. Qeyri-sabit çıxış etməyinizin səbəbi nədir?
- Əsasən hücumda yaratdığımız qol vəziyyətlərini reallaşdırmaqda çətinlik çəkirik. 6 oyunda cəmi 9 qol vurmuşuq. Bu baxımdan rəqiblərimizdən geri qalırıq. Deyim ki, qol imkanları yarada bilmirik, belə deyil. Hər oyunda çoxlu sayda şans əldə edirik. Ancaq onları qola çevirməkdə çətinlik çəkirik. Yəni qol vəziyyətlərinin dəyərləndirilməsi faizi aşağıdır. Heç-heçə oynadığımız 4 görüşdən 2-də qapılara qol vurulmayıbsa, digər 2-də hesabda üstün olsaq da, sonda xal itkisi ilə üzləşmişik. Yəni üstünlüyümüzü qoruya bilməmişik. Keçirdiyimiz oyunların əksəriyyətində rəqiblərdən üstün, diktə edən tərəf olmuşuq. Komandamdan tam razı olmasam da, vəziyyət normaldır. Onsuz da mövsümün startında bütün oyunları udacağımızı gözləmirdik. Nəticələrimizi tədricən yaxşılaşdıracağıq.
- Mövsüm ərəfəsində hər kəz "Kəpəz"i favorit göstərsə də, MOİK və "Qaradağ Lökbatan" sizi 6 xal qabaqlayır.
- Bilirsiniz, adını çəkdiyiniz klublar rahat oynayır. Çünki heç kim onlar çempionluq gözləmir. Azarkeşləri belə yoxdur. "Kəpəz" isə əksinə, iddialıdır. Buna görə də üzərimizdə təzyiq var. Nəinki ev, səfərdəki oyunlarımızda da tərəfdarlarımız olur. Bu, bir tərəfdən yaxşıdır, dəstək mənasında. Digər tərəfdən isə əlavə məsuliyyət, əlavə təzyiq deməkdir.
- Komandaya legioner yarımmüdafiəçi dəvət etmisiniz. Halbuki, "Kəpəz"in yarımmüdafiə xətti güclüdür.
- Hücumçu təklif etsələr, hücumçu götürərik (gülür). Açığı, nigeriyalı Akinyemini bir menecer təklif edib, biz də baxırıq. Cəmi 2 məşqə çıxıb. Pis təsir bağışlamır. Amma hələ yekun qərarımızı verməmişik.
- Sualımıza tam cavab almadıq. Legioner yarımmüdafiəçiyə nə ehtiyac var?
- Niyə olmasın? Bizə qarşı oynayan komandaların bir neçəsində legioner olub. Bundan başqa, Premyer Liqa klublarının əvəzedici heyətində əsas komandanın üzvləri çıxış edir. Təbii ki, bu da şərtdi.
- Hazırkı mövqeyiniz "Kəpəz"in büdcəsi, etdiyi transferlərə adekvatdır?
- Büdcə söhbətini hər kəs qabardır. Guya bu mövsüm "Kəpəz"in büdcəsi artıb. Halbuki, artım yoxdur. Əvvəl necə idisə, o səviyyədə qalıb. Transferlərə gəlincə, futbolçularımıza artıq maaş verilmir. Yayda Premyer Liqa təcrübəsi olan oyunçular götürsək də, onlar da digərləri qədər maaş alır. Premyer Liqa klublarından təklifləri yox idi. Belədə bizim təklif etdiyimiz məbləğə razılaşdılar, şərtlərimizi qəbul etdilər. Yəni təcrübəli oyunçular almağımıza baxmayaraq, büdcəni yükləməmişik.
- "Kəpəz"in hədəfləri ilə bağlı sizdə tərəddüd yaranmayıb?
- Mən mövsüm ərəfəsində verdiyim açıqlamada da demişdim ki, ilk "üçlüy"ə düşmək, medal qazanmaq üçün oynayacağıq. Birinci yeri tutsaq, lap yaxşı, 3-cü olsaq, yenə nəticə qənaətbəxş sayılacaq. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticəyə nail olaq. Mən bunu bacaracağımıza inanıram.
- Komanda millinin oyunlarına görə yaranan fasilədən necə yararlanacaq?
- Məşqləri adi qaydada davam etdiririk. Fasilədən sonrakı ilk oyunumuzu evdə "Turan Tovuz"a qarşı keçirəcəyik. İtkilərimiz var. Röyal Əhmədov qırmızı vərəqə cəzalısıdı, növbəti turu buraxacaq. Tural Rzayev isə zədəlidir. Axırıncı dəfə II turda "Sumqayıt-2" ilə oyunda bizə kömək edib. Yəni son bir ayda onun xidmətindən yararlana bilməmişik. Zədəsini sağaltmaqla məşğuldur, nə vaxt sıraya dönəcəyi tam bəlli deyil. Bundan başqa, yüngül zədəsi olanlar da var.
Mirağa Mirzəyev