"Bütün klublara uğurlar arzulayıram. Bu il keçən mövsümdən daha maraqlı olacaq. Çempionatımızın gedişi bunu deməyə əsas verir. Elə oyunlar keçirilir ki, heç kim onu gözləmir".
Fanat.Az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunda yeni mövsümün püşkatma mərasimində deyib.
Onun sözlərinə görə, I Divizion komandaları da yaxşı oyun sərgiləyəcək: "Heç kimin ağlına gəlməzdi ki, "Keşlə" kuboku qazanacaq. Bu il yenə maraqlı olacaq. Premyer Liqa çox maraqlı keçir. İnanıram ki, maraqlı matçları kubokda da görəcəyik.".
Musayev final oyununun məkanının hələ müəyyənləşmədiyini də əlavə edib: "Mətbuatda yazırlar ki, bu oyun Şamaxıda olacaq. Hədəfimiz məkanından asılı olmayaraq, qarşılaşmanın maraqlı alınmasıdır.
O stadionda olmasam da, Şamaxı maraqlı yerdir. Hamımıza deyirsiniz ki, Bakı çempionatıdır. Düşərli olsun ki, bölgələrimizin sayı çox olsun".
O, Azərbaycan Premyer Liqasında yeni bölgə komandasının çıxışını müsbət qarşılayıb: "Qəbələyə getməkdən bezmişik. Böyük futbolun Şamaxıya getməsi oradakı gənclər üçün stimuldur. Bu addımı müsbət qarşılayıram. İnanıram ki, I Divizion klubları Premyer Liqada iştirak edəndən sonra çempionatımız daha da maraqlı olar".
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında çıxış edən 8 komandadan 6-sı ev oyunlarını Bakıda keçirir. Paytaxtdan kənarda yalnız "Sumqayıt" və "Qəbələ" məskunlaşıb. (Report.az)